Fülya Öztürk Cross Media-ya yubiley medalı ilə bağlı açıqlama verib
44 günlük Vətən müharibəsi zamanı Azərbaycan həqiqətlərini obyektiv şəkildə dünyaya çatdıran türkiyəli jurnalist Fülya Öztürk Azərbaycan mətbuatının 150 illiyi münasibətilə yubiley medalı ilə mükafatlandırılıb. O, “CNN Türk” televiziyası vasitəsilə xalqımızın haqq səsini yaymaqla həm Azərbaycanda, həm də Türkiyədə çox sevilir.
Qeyd edək ki, Fülya Öztürk Bərdədə qadağan olunmuş “Smerç” raketinin atıldığı gün hadisə yerinə 10 dəqiqəyə çatmışdı. O, yanmış maşınlar, yaralı və həlak olmuş insanlar, ağır qan qoxusu ilə üzləşmişdi. Jurnalist həmçinin Qarabağın , ölkəmizin haqq səsini bütün dünyaya çatdırmışdı.
Crossmedia.az-a özəl açıqlamasında medalla bağlı sevincini bölüşən Fülya Öztürk, eyni zamanda Qarabağ mövzusuna da toxunub:
“Əvvəlcə hamınızı salamlayıram. Çox sevincliyəm. Bu xəbəri, mən hələ iş başında olanda aldım. Türkiyədə çox yoğun hadisələr baş verir. Daim xəbərlərin içindəyik, sahələrdə, küçələrdə yenə çalışırıq. Ankarada vəzifədə olarkən, sahədə işləyərkən bu xəbəri aldım və çox sevincliyəm, qürur duyuram.
Ən çox vurğulamaq istədiyim məqam odur ki, mən çox çətin yerlərdə vəzifə tutmuşam. Getdiyim yerlərdə yaddaşıma həkk olunmuş çoxlu hadisələr olub. Amma Azərbaycanın yeri mənim üçün həmişə çox fərqli olub və həmişə də belə qalacaq. Çünki Qarabağ zəfəri bizim türk dünyamızın zəfəri idi. Üzərindən 5 il keçib, amma o günləri heç vaxt unutmadım. Tarixdə iz qoymaq üçün bir ensiklopediya kimi “Qarabağ sənə qovuşduq” adlı bir kitab da nəşr etdik. Zəfər günü yenə oteldəydim. Bu dəfə redaktorum özü zəng etdi ki, Paşinyanın açıqlamalarını gördün? Otel başmaqları ilə küçəyə çıxdım. İlham Əliyev açıqlamalar verməyə başlamışdı. Bir-iki saat sonra arxaya çevriləndə insanlar axın-axın küçələrdə idi. Bir gənc yaxınlaşıb “Qazandıq, Fulya xanım, qazandıq” deyərək qaça-qaça gəlirdi.
Peşə həyatımda unudulmaz anlara şahidlik etdim. Ən önəmli məqam isə ediləni unutmaq yox, onlara sadiq qalmaqdır. Mən Azərbaycandan sadiqlik gördüm. Siz çox sadiq bir xalqsınız. Azərbaycan xalqının qiymət bilməsi məni çox təsirləndirir. Siz də məni ümidlərdən salmadınız, buna görə də həmişə xüsusi olaraq yaddaşımda qalacaqsınız".
Jurnalist medalı otağının ən gözəl yerində qoyduğunu qeyd edib: "Bu medalı indi otağımın ən gözəl yerində saxlayıram. Hər baxanda qürur hissi keçirirəm”.
Fatimə Məmmədova
18:29 29.12.2025
Oxunuş sayı: 2990