İsrail-Yunanıstan birliyi Türkiyəyə qarşı cəbhə yaradır? - Politoloq açıqladı
İsrail, Yunanıstan və Kipr Türkiyəyə qarşı əməkdaşlığı gücləndirir. 22 dekabr tarixində İsrail üçtərəfli sammitə ev sahibliyi edib. Görüşdə İsrailin Baş naziri Binyamin Netanyahu, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis və Kipr Prezidenti Nikos Xristodulidis iştirak ediblər. Sammitin əsas müzakirə mövzusu şərqi Aralıq dənizində hərbi fəaliyyətini artırdığı bildirilən Türkiyənin “müdafiəsi və qarşısının alınması” məsələsi olub. Belə bir hadisənin baş verməsi regional sabitliyə necə təsir edir? Türkiyəyə qarşı hansi situasiyalar baş verə bilər, hansı problemlər üzə çıxa bilər?
Bu barədə politoloq Məhəmməd Əsədullazadə Crossmedia.az-a açıqlama verib. O bildirib ki, Yaxın Şərq və Aralıq dənizi periferyasında İsrail və Türkiyə arasında geosiyasi qarşıdurma müşahidə olunur: ‘’Xüsusilə Yunanıstanın bu mərhələdə İsraillə birlikdə hərəkət etməsi regionda siyasi balansın pozulmasına gətirib çıxarır. Yunanıstanla Türkiyə arasında müəyyən gərginliklər olsa da, tərəflər dialoqu davam etdirir. Yunanıstan liderlərinin Türkiyəyə səfərləri baş tutur və tərəflər arasında siyasi xətt üzrə mərhələli inkişaf müşahidə olunur. Lakin hazırda Suriyada və Qəzzada baş verən hadisələr İsrail və Türkiyəni qarşı-qarşıya gətirir. İsrail çalışır ki, Yunan Kipri və Yunanıstan vasitəsilə Aralıq dənizində Türkiyəni sıxışdırsın. Bu bölgədə qaz yataqları mövcuddur və İsrail onların istismarını aktivləşdirməyə cəhd göstərir. Ancaq düşünürəm ki, Türkiyəyə qarşı bu tip ittifaqların qurulması və ya sanksiyaların tətbiqi real görünmür.
Politoloq qeyd edib ki, Türkiyə regionda operativ və təsir gücünə malik dövlətdir: ‘’Yeni geosiyasi reallıqlar formalaşır və Ankara bu məsələlərdə ABŞ ilə də koordinasiyalı şəkildə çalışır. Eyni zamanda Yunanıstan da Türkiyə ilə dərin böhrana getmək niyyətində deyil. Hazırda baş verənlər daha çox yarımçıq siyasi təxribat xarakteri daşıyır və bu proseslər fonunda Türkiyənin sərt hərbi və ya radikal addımlar atacağı ehtimalı yüksək deyil. Bunun əsas səbəbi İsrailin ABŞ-dan asılı bir ölkə olmasıdır. Yunanıstan da NATO üzvüdür, Türkiyə də. Bu baxımdan Türkiyəyə qarşı hər hansı real və funksional ittifaqın qurulması yalnız kağız üzərində qalacaq’’.
Sevinc Yarməmmədova
17:57 25.12.2025
Oxunuş sayı: 2101