Nazirlik rəsmiləri “Rəqəmsallaşma, Süni İntellekt və Media Savadlılığı” mövzusunda konfransda çıxış ediblər
Medianın İnkişafı Agentliyinin həyata keçirdiyi “Media Savadlılığı” Həftəsinin yekunu olaraq dekabrın 22-də “Rəqəmsallaşma, Süni İntellekt və Media Savadlılığı” mövzusunda konfrans təşkil olunub.
Crossmedia.az bu barədə Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir.
Media savadlılığının gücləndirilməsi, rəqəmsal transformasiya şəraitində informasiyanın düzgün dəyərləndirilməsi və süni intellekt texnologiyalarının media mühitinə təsirinin müzakirəsi məqsədilə təşkil olunan konfrans “Rəqəmsal dünyada həqiqi dostların izində” mövzusunda səhnə təqdimatı və media savadlılığına dair qısa videoçarxın nümayişi ilə başlayıb.
Konfransın açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov rəqəmsallaşmanın sürətlənməsi və süni intellekt texnologiyalarının geniş yayılması fonunda media savadlılığının əhəmiyyətinin daha da artdığını vurğulayıb.
Daha sonra il ərzində media savadlılığının artırılması istiqamətində görülən işlərə dair qısa videoçarx nümayiş olunub və “Media Savadlılığı” Həftəsi çərçivəsində həyata keçirilən fəaliyyətlərə dair təqdimat edilib.
Konfrans çərçivəsində “Media savadlılığı haradan başlayır? Müxtəlif perspektivlərdən baxış” mövzusunda intensiv müzakirə təşkil edilib.
Teleaparıcı Ürfan Məmmədlinin moderatorluğu ilə keçirilən müzakirədə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdir müavini Ülviyyə Axundova, “Azerconnect Group”un Korporativ kommunikasiyalar departamentinin direktoru Əziz Axundov, həmçinin influenser və “Nextool AI” şirkətinin təsisçisi Cəfər Nəcəfov spiker qismində çıxış ediblər.
Müzakirə zamanı media savadlılığının erkən yaşlardan formalaşdırılmasının əhəmiyyəti, gənclərin rəqəmsal mühitdə düzgün informasiya davranışlarının təşviqi, dövlət qurumları, özəl sektor və media subyektləri arasında bu sahədə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Spikerlər media savadlılığının yalnız informasiyanın düzgün seçilməsi deyil, həm də rəqəmsal platformalarda məsuliyyətli davranış, tənqidi düşüncə və informasiya təhlükəsizliyi bacarıqlarının formalaşdırılması baxımından əhəmiyyətini vurğulayıblar.
ETN-nin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev çıxışında bildirib ki, nazirlik media savadlılığının artırılması üzrə ən effektiv təhsil yanaşması kimi bu mövzunun məhz inteqrasiya olunmuş formada tədrisini mühüm hesab edir və bu sahədə tədbirlər həyata keçirir.
Səbuhi Rzayev qeyd edib ki, son illərdə yenilənən və ya təkmilləşdirilən ümumi təhsil fənləri üzrə kurikulumlarda informasiya/media savadlılığının artırılması məsələsi xüsusi olaraq vurğulanır. Bu çərçivədə şagirdlərə, həmçinin media manipulyasiyası, dezinformasiya, kiberqısnama kimi medianın mənfi tərəfləri ilə effektiv mübarizə yolları öyrədilir. Yeni hazırlanmış Həyat bilgisi fənni üzrə kurikulumda nisbətən aşağı yaşlı şagirdlərə elektron cihazların insan həyatında əhəmiyyətinin izah olunması, əldə edilmiş informasiyaların təhlil edilməsi və faydalı olanların ayırd edilməsi bacarıqlarının formalaşdırılması məsələləri yer alır. Yenicə təkmilləşdirilən İnformatika fənni üzrə kurikulumda da şagirdlərdə informasiya/media savadlılığı ilə bağlı müvafiq səriştələrin formalaşdırılması nəzərdə tutulur.
Konfrans çərçivəsində Bakı şəhəri üzrə 12 ümumi təhsil müəssisəsində 2500-ə yaxın şagird üçün media savadlılığı mövzusunda təşkil olunan məlumatlandırma sessiyaları və açıq dərslərin nəticələrinin sistemli şəkildə ümumiləşdirilməsi məqsədilə “Media savadlılığını təhsilə necə inteqrasiya etməli?: müəllim və mütəxəssis rəyi” mövzusunda "dəyirmi masa" keçirilib.
Dəyirmi masaya moderatorluq edən Medianın İnkişafı Agentliyinin Media dəstək layihələri və strateji planlaşdırma şöbəsinin müdiri Mehriban Məmmədova qeyd edib ki, media savadlılığının formal təhsildə əhatə olunması üçün tətbiq edilən pedaqoji yanaşmaların effektivliyinin ölçülməsi, eləcə də növbəti mərhələlərdə tədris məzmunu və metodologiyanın təkmilləşdirilməsi baxımından nəticələrin sistemli şəkildə ümumiləşdirilməsi xüsusi əhəmiyyət daşıyır.
Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdir müavini Nəriman Qəhrəmanlı bildirib ki, media savadlılığı bacarıqlarının erkən yaşlardan formalaşdırılması şagirdlərin informasiyaya münasibətində tənqidi düşüncənin gücləndirilməsinə xidmət edir. Onun sözlərinə görə, təhsil müəssisələrində bu istiqamətdə həyata keçirilən təşəbbüslər şagirdlərin rəqəmsal mühitdə daha məsuliyyətli və məlumatlı davranış vərdişləri qazanmasına imkan yaradır.
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu isə vurğulayıb ki, təşkil olunan məlumatlandırma sessiyaları və açıq dərslər şagirdlərin media savadlılığı üzrə bilik və bacarıqlarının artırılması, doğru informasiya əldə etmək vərdişlərinin formalaşdırılması, informasiya məkanında təqdim olunan məzmunu müstəqil şəkildə təhlil edə bilmələri baxımından olduqca vacibdir.
TOT təlimlərində iştirak edən müəllimlər, təlimçilər və təhsil ekspertləri isə həyata keçirilən sessiya və açıq dərslərin şagirdlərin məlumatlara daha diqqətli yanaşmasına, mənbələrin qiymətləndirilməsi və faktların yoxlanılması bacarıqlarının inkişafına töhfə verdiyini diqqətə çatdırıblar.
14:34 23.12.2025
Oxunuş sayı: 1118