“Qara tale – ağ ölüm”: Nizami Kino Mərkəzində narkomaniyaya qarşı sərt mesaj və media məsuliyyəti müzakirə olundu
Sənədli film narkomaniyanın cəmiyyət üçün yaratdığı ağır fəsadları, bu bəlanın qurbanlarının faciəli talelərini real faktlar və təsirli kadrlarla təqdim edir. Ekran əsərinin əsas məqsədi narkomaniyanın təkcə fərdi yox, bütövlükdə cəmiyyət üçün qlobal təhlükə olduğunu bir daha nümayiş etdirməkdir.
Filmdə Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı apardığı mütəşəkkil mübarizədən geniş bəhs olunur. Narkotik maddələri ən ağlagəlməz üsullarla ölkə ərazisinə keçirməyə cəhd göstərən narkotacirlərin ifşa edilməsi, onların cinayət məsuliyyətinə cəlb olunması fakt və sübutlarla göstərilir.
Çəkilişlər sərhəd-keçid məntəqələrində və həbsxanalarda aparılıb. Narkomaniya qurbanlarının etirafları və son peşmançılıqları filmin ən təsirli və həssas məqamları kimi təqdim olunur. Narkotiklərin gətirdiyi bəlanın miqyası qəhrəmanların yaşadığı faciəli talelər üzərindən açıq şəkildə göstərilir və bu kadrlar xüsusilə yeniyetmələr üçün ciddi ibrət dərsi xarakteri daşıyır.
Qeyd edək ki, 33 dəqiqəlik sənədli film Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası ilə birgə hazırlanıb.
13:02 21.12.2025
Oxunuş sayı: 1384