Türkiyə də Rusiya-Ukrayna müharibəsinə qoşulur?: Uçan hərbi obyektlər məhv ediləcək
Son illərdə Ukrayna müharibəsinin təsir dairəsi təkcə cəbhə xətti ilə məhdudlaşmır, onun yaratdığı risklər regiondan kənara da yayılmağa başlayıb. Xüsusilə pilotsuz uçuş aparatlarının nəzarətsiz şəkildə üçüncü ölkələrin hava məkanına daxil olması münaqişənin daha geniş coğrafiyaya daşınması təhlükəsini artırır. Bu baxımdan Türkiyəyə yönəlik PUA insidentləri sıradan texniki hadisə deyil, beynəlxalq hüquq və regional təhlükəsizlik kontekstində ciddi şəkildə qiymətləndirilməli məsələdir.
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli Crossmedia.az-a açıqlama verib:
"Təbii ki, Ukrayna müharibəsinə birbaşa aidiyyəti olmayan ölkələrə qarşı hər hansı PUA müdaxiləsi yolverilməzdir. Türkiyə ərazisinə naməlum uçan obyektlərin — PUA-ların daxil olma cəhdləri son dərəcə təhlükəli prosesdir. Çünki həm Rusiya, həm də Ukrayna bir-biri ilə müharibə şəraitində olsalar belə, üçüncü ölkələr üçün təhlükə yaratmamalıdırlar. Əgər belə addımlar atılırsa, bu artıq təxribat xarakteri daşıyır. Hadisə təsadüf nəticəsində baş veribsə, məsuliyyət PUA-nın sahibi olan ölkənin üzərinə düşür və həmin tərəf zərər çəkmiş dövlətdən — konkret halda Türkiyədən — rəsmi üzr istəməyə borcludur. Əgər PUA-nın sahibi olan tərəf susursa, bu, hadisənin məqsədli şəkildə törədilmiş təxribat olduğunu deməyə əsas verir".
Politoloq bildirib ki, bu baxımdan Türkiyənin mövqeyi tamamilə haqlıdır: "Hər iki tərəfə açıq və sərt xəbərdarlıq edilməsi Türkiyə dövlətinin beynəlxalq hüquq normaları ilə qorunan legitim haqqıdır və rəsmi Ankara bu hüquqdan istifadə edərək həm Rusiyaya, həm də Ukraynaya açıq mesaj göndərib. Hər iki tərəf bu xəbərdarlıqdan mütləq nəticə çıxarmalıdır. Türkiyə güclü və yüksək döyüş potensialına malik dövlətdir və özünə qarşı yönəlmiş istənilən təxribat xarakterli addıma sərt cavab vermək imkanına sahibdir. Böyük ehtimalla, bundan sonrakı mərhələdə rəsmi Ankara mənşəyi müəyyən edilməyən PUA-ların və ya digər uçan hərbi obyektlərin məhv edilməsində tərəddüd etməyəcək. İstənilən halda, bu cür təxribatçı davranışlara görə həm Rusiya, həm də Ukrayna siyasi məsuliyyət daşıyan tərəflər kimi qiymətləndirilməlidir".
Ayhan
12:55 20.12.2025
Oxunuş sayı: 1359