Azərbaycan ilə Türkiyə arasında media sahəsində dezinformasiya ilə mübarizə müzakirə olunub
“Türk dövlətlərinin dezinformasiya ilə mübarizə üzrə Forumu” çərçivəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ilə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran arasında ikitərəfli görüş keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi məlumat yayıb.
Görüş zamanı vurğulanıb ki, Azərbaycan ilə Türkiyə arasında media sahəsində formalaşmış strateji tərəfdaşlıq dezinformasiya ilə mübarizə istiqamətində ardıcıl və məqsədyönlü şəkildə inkişaf etdirilir.
Qeyd olunub ki, müasir informasiya mühitində saxta və manipulyativ məzmunların sürətlə yayılması ictimai rəyə və regional sabitliyə ciddi təsir göstərir, bu isə türk dövlətləri arasında koordinasiyalı, institusional və davamlı əməkdaşlığın gücləndirilməsini zəruri edir. Bu kontekstdə Türkiyə–Azərbaycan Media Platformasının birgə fəaliyyət, operativ informasiya mübadiləsi və vahid mövqenin formalaşdırılması baxımından effektiv mexanizm olduğu xüsusi olaraq diqqətə çatdırılıb.
Eyni zamanda bildirilib ki, informasiya axınlarının intensivləşdiyi şəraitdə media sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi, qarşılıqlı dialoqun dərinləşdirilməsi və peşəkar əməkdaşlığın təşviqi mühüm əhəmiyyət kəsb edir. Media və kommunikasiya sahəsində mövcud çağırışların müzakirəsi, praktik həll yollarının müəyyənləşdirilməsi və birgə yanaşmaların formalaşdırılmasının gələcəkdə daha da intensiv şəkildə həyata keçiriləcəyinə əminlik ifadə edilib.
17:37 19.12.2025
Oxunuş sayı: 949