ABŞ Rusiyaya qarşı təzyiqləri artıra bilər, lakin...- Müsahibə
ABŞ Donbasla bağlı kompromis axtarır.
ABŞ Prezidenti Volodimir Zelenski bildirib ki, ABŞ Donbasla bağlı kompromis axtarır.
O deyib ki, Ukrayna ordusunun Donbasdan çıxması rusların əsas şərtidir, lakin Ukrayna üçün belə bir tələb qəbuledilməzdir, buna görə ABŞ hər iki tərəf üçün kompromis variant axtarır.
Prezident qeyd edib ki, Ukrayna nümayəndə heyəti artıq ABŞ yolundadır, avropalıların danışıqlara qoşulacağı da mümkündür.
Zelenski diqqətə çatdırıb ki, Ukrayna ordusunun sayı ən azı 800 min olmalıdır: “Ukrayna ordusunun silahlanması və gücləndirilməsi məsələsi müzakirə olunur”.
Hazırda rusların sülh sazişindən imtina etdiyinə dair heç bir əlamətin olmadığını deyən Ukrayna Prezidentinin sözlərinə görə, amerikalılar deyir ki, Putin müharibənin bitməsinə hazırdır.
Zelenski Putinin son açıqlamalarına da münasibət bildirib. O qeyd edib ki, Putinin son açıqlamaları Rusiya Federasiyasının müharibəni davam etdirmək niyyətində olduğunu göstərir: “Əgər Putin “diplomatik dalğanı” ləngitsə, ABŞ Rusiya Federasiyasına təzyiq göstərəcək”.
O əlavə edib ki, istənilən müharibə danışıqlarla başa çatır və bunun mümkün qədər tez baş verməsi Ukrayna üçün vacibdir.
Zelenskinin səsləndirdiyi fikirlər göstərir ki, Kiyev güzəştə getmək istəmir. Bu isə təkcə Moskva ilə yox, həm də Vaşinqtonla gərginlik ehtimalını artırır.
Belə bir vəziyyətdə onsuz da "yumağa çevrilən" Rusiya- Ukrayna müharibəsinin taleyi barədə suallar artır.

Politoloq Aytən Qurbanova Zelenskinin səsləndirdiyi fikirlər barədə Crossmedia.az-ın suallarını cavablandırıb:
- Zelenskinin Rusiyanın müharibəni bitirmək niyyətində olmadığını deməsini necə qiymətləndirirsiniz?
- Düşünürəm ki, Zelenskinin bu açıqlamaları Rusiyanın maksimalist yanaşmaları ilə üst-üstə düşür. Çünki son danışıqlar prosesində Rusiya öz maraqlarının təmin olunduğu bir çox şərt və layihə irəli sürsə də, heç bir halda ilkin atəşkəsin əldə olunması və ya ilkin sülh müqaviləsinin imzalanması ilə bağlı konstruktiv mövqe nümayiş etdirməyib. Bu isə onu göstərir ki, müharibənin indiki mərhələdə yekunlaşması Rusiyanın maraqlarına uyğun deyil. Təbii ki, Rusiyanın yeni ərazilər işğal etməsi və Ukraynanı tam nəzarət altına almaq cəhdləri, onun Avropadan gələ biləcək təhdidlərin qarşısını almaq strategiyasının tərkib hissəsidir. Digər tərəfdən, Rusiya SSRİ-nin dağılmasından sonra yalnız regional dövlət olmadığını, qlobal sistemdə onun iştirakı olmadan yeni bir dünya nizamının formalaşdırılmasının mümkün olmadığını nümayiş etdirməyə çalışır ki, bu da imperialist yanaşmaların açıq təzahürüdür.
- Zelenski, həmçinin deyib ki, Dombasdan çıxmaq Ukrayna üçün qəbuledilməzdir. Sizcə, dombasın taleyi necə olacaq?
- Təbii ki, Ukrayna üçün hər hansı bir ərazi güzəşti qəbuledilməzdir. Ümumiyyətlə, Ukraynanın öz ərazilərinin istənilən formada güzəştə gedilməsi həm ərazi bütövlüyü, həm də suverenliklə bağlı fundamental hüquqların gözardı edilməsi deməkdir. Düşünürəm ki, Ukraynanın bu mövqedən geri çəkilməsi və ya Donbas üzərində tam nəzarətin bərpası istiqamətində atılacaq addımlar Rusiyanın işğal etdiyi ərazilərin gələcək taleyinin nikbin istiqamətdə dəyişəcəyinə real ümid yaratmır. Ən azından ABŞ və Donald Tramp administrasiyasının ortaya qoyduğu mövqe onu göstərir ki, Ukraynanın ərazi güzəştləri hazırda danışıqlar masasında ən çox müzakirə olunan məsələlərdən biridir.
- Ukrayna lideri ABŞ-nin Rusiyaya təzyiqləri artıra biləcəyini də istisna etməyib. Bu nə qədər realdır?
- Təbii ki, ABŞ Rusiyaya qarşı təzyiqləri artıra bilər. Lakin bu günə qədər Avropa İttifaqı və ABŞ-nin Rusiyaya qarşı tam və ardıcıl həmrəylik nümayiş etdirə bilməməsi Ukraynanın taleyini müəyyənləşdirən əsas amillərdən biridir. Təəssüf ki, Ukraynanın parçalanması həm ABŞ-nin, həm də Avropa İttifaqının (Aİ) qlobal nizamla bağlı təsəvvürlərində mümkün ssenarilərdən biri kimi ortaya çıxır. Aİ-nin vahid mövqe nümayiş etdirə bilməməsi də son dövrlərdə açıq şəkildə müşahidə olunur. Bu isə Ukraynanın ərazi bütövlüyü və suverenliyindən daha çox, ABŞ-yə mümkün təsirlərin qarşısının alınması ilə bağlı real narahatlıqların ifadəsidir. Xüsusilə Tramp administrasiyası dövründə Ukraynaya yardımların dayandırılması ilə bağlı səsləndirilən təhdidlər və Zelenski hökumətinə ərazi güzəştləri istiqamətində edilən açıq çağırışlar, düşünürəm ki, Rusiyanın işğalçılıq siyasətini daha da təşviq edən əsas amillərdən biridir.
- Müharibənin yaxın zamanda bitəcəyini düşünürsünüzmü?
- Xeyr. Baxmayaraq ki, Tramp hakimiyyətə gəldiyi təqdirdə ilk 48 saatda, sonra isə altı ay ərzində atəşkəsin əldə olunacağı ilə bağlı iddialar səsləndirmişdi, yaxın perspektivdə Rusiya–Ukrayna müharibəsinin tamamilə sona çatacağı barədə real fikir bildirmək çətindir. Lakin ilkin atəşkəs razılaşmasının əldə olunması istiqamətində müəyyən irəliləyişlərin mümkünlüyü istisna edilmir. Bu isə daha çox qısamüddətli və humanitar xarakterli atəşkəs formasında ola bilər.
Sevinc Sultanlı
10:28 19.12.2025
Oxunuş sayı: 4245