Zelenski xəbərdarlıq etdi: Rusiya Avropaya müdaxilə edəcək?
Ukrayna Prezidenti Volodimir Zelenski
bunu videomüraciəti zamanı bildirib ki, Rusiya gələn ili
genişmiqyaslı hərbi əməliyyatların davam etdirilməsi ili kimi görür. Moskvadan
gələn siqnallar sülhə olan həqiqi istəyin olmamasını göstərir.
"Bu
gün Moskvadan gələn ili müharibə ili kimi hazırladıqlarına dair daha bir siqnal
eşitdik. Bu siqnallar yalnız bizim üçün deyil. Tərəfdaşlarımızın bunu görməsi
vacibdir. Onların bunu yalnız görməsi deyil, həm də cavab verməsi vacibdir.
Xüsusən də tez-tez Rusiyanın müharibəni bitirmək istədiyini deyən ABŞ-dakı
tərəfdaşlarımız. Lakin Rusiyadan tamamilə fərqli ritorika, fərqli siqnallar
gəlir və bunlar onların ordusundan gələn rəsmi əmrlərdir", - deyə Zelenski
qeyd edib.
Zelenski
ABŞ da daxil olmaqla, tərəfdaşları Moskvanın diplomatik manipulyasiyalarına
uymamağa çağırıb.
“Onlar
məhz bu düşüncə tərzinə sahib olduqda, sadəcə Ukraynanı və ukraynalıları məhv
etmək istəklərini ört-basdır etməyə çalışaraq diplomatiyanı sarsıdacaqlar.
Sonra Rusiyanın “tarixi torpaqları” adlandıra biləcəyi digər Avropa ölkələri
risk altında olacaq”, - deyə prezident vurğulayıb.
Zelenski
tərəfdaşlarını həqiqəti görmək üçün cəsarət göstərməyə və Rusiyanın təcavüzkar
planlarına konkret hərəkətlərlə cavab verməyə çağırıb. Ukrayna liderinin
sözlərinə görə, Rusiya təcavüzünə qarşı müdafiə üç komponentdən ibarət
olmalıdır.
“Bizə
bu Rusiya dəliliyinə qarşı real müdafiə lazımdır və biz bütün tərəfdaşlarımızla
bu cür müdafiənin həqiqətən mövcud olmasını təmin etmək üçün işləməyə davam
edəcəyik. Bizə təhlükəsizlik həlləri, Rusiya aktivləri ilə bağlı da daxil
olmaqla maliyyə həlləri, siyasi həllər lazımdır. Bütün tərəfdaşlarımızın
həqiqəti görmək, həqiqəti etiraf etmək və buna uyğun hərəkət etmək üçün
cəsarəti lazımdır”, - Zelenski qeyd edib.
Ukrayna müharibəsi artıq klassik hərbi
toqquşma çərçivəsindən çıxaraq, uzunmüddətli və resurs əsaslı bir qarşıdurmaya
çevrilib. Döyüş meydanındakı vəziyyətlə yanaşı, arxa planda gedən sənaye
istehsalı, insan resurslarının səfərbərliyi və beynəlxalq dəstək mexanizmləri
müharibənin taleyini müəyyən edən əsas amillərə çevrilib. Son dövrlərdə
Rusiyanın hücum intensivliyinin artması bu münaqişənin qısa müddətdə
bitməyəcəyini və tərəflərin imkanlarının hələ də ciddi şəkildə sınaqdan
keçirildiyini göstərir.
Bu kontekstdə əsas sual artıq kimin daha
çox silaha malik olması deyil, kimin daha uzun müddət müharibə aparmaq
potensialına sahib olmasıdır. Rusiya bir tərəfdən hərbi istehsalını artıraraq
və xarici resurslar hesabına boşluqları dolduraraq təzyiqi davam etdirməyə
çalışır, digər tərəfdən isə Ukraynanın taleyi getdikcə Qərbin siyasi iradəsi və
hərbi-siyasi dəstəyindən asılı vəziyyətə düşür. Məhz bu səbəbdən Ukraynadakı
proseslər təkcə region üçün deyil, bütövlükdə Avropanın təhlükəsizlik
arxitekturası üçün həlledici mərhələyə daxil olur.
Mövzu ilə bağlı hərbi ekspert Ədalət
Verdiyev Crossmedia.az-a açıqlama verib:

"Son bir il ərzində Rusiyanın Ukrayna ərazisinə qarşı raket və pilotsuz uçuş aparatları (PUA) vasitəsilə həyata keçirdiyi hücumların intensivləşdiyi müşahidə olunur. Aparılan araşdırmalar göstərir ki, Rusiya ucuz PUA istehsalı imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Eyni zamanda raket texnologiyalarının istehsal həcmi də əvvəlki dövrlərlə müqayisədə artıb. Bu fakt Ukrayna ərazisinə endirilən zərbələrin sayında da açıq şəkildə öz əksini tapır. Bütün bunlar onu göstərir ki, Rusiyanın müharibə aparmaq imkanları hələ tükənməyib. Moskva bu məqsədlə digər ölkələrdən, xüsusilə də Hindistan və Şimali Koreyadan həm maddi, həm də insan resursları cəlb edir. Hindistandan yüz minlərlə, hətta bir milyona yaxın gənc əhalinin Rusiya ərazisinə miqrant kimi gətirilməsi ilə bağlı məlumatlar və vizual sübutlar yayılmaqdadır".
Ekspert əlavə edib ki, mövcud
vəziyyət göstərir ki, zaman hazırda Ukraynanın xeyrinə işləmir: "Avropa
İttifaqı, NATO və ABŞ tərəfindən davamlı və ciddi dəstək olmadan Ukraynanın öz
ərazilərinin müdafiəsini effektiv şəkildə təşkil etməsi son dərəcə çətin
olacaq. Ukraynanın mümkün məğlubiyyəti isə təkcə bu ölkə üçün deyil, bütövlükdə
Avropa üçün ciddi təhlükələr yaradır. Bu halda Avropa ölkələri Rusiyanın hibrid
və asimmetrik hücumları ilə daha intensiv şəkildə üz-üzə qala bilər. Artıq bu
cür təhdidlərin müəyyən elementləri müşahidə olunur. Lakin Rusiya Ukraynada
qarşıya qoyduğu məqsədlərə nail olduqdan sonra Avropaya qarşı təzyiq və
müdaxilə alətlərini daha genişmiqyasda tətbiq edə bilər".
Ayhan
14:00 18.12.2025
Oxunuş sayı: 4850