Azərbaycan Premyer Liqasında futbolçulara ən çox maaş verən klub məlum oldu
Ötən mövsüm Azərbaycan Premyer Liqasında çıxış edən klubların futbolçularına ödədikləri əməkhaqqının məbləği açıqlanıb.
Crossmedia.az xəbər verir ki, maaş xərclərinə ən çox vəsait ayıran klub “Neftçi” olub. Paytaxt təmsilçisi futbolçularına ümumilikdə 18 milyon 287 min 111 manat əməkhaqqı ödəyib. İkinci pillədə 13 milyon 878 min 800 manatla “Qarabağ” qərarlaşıb.
“Sabah” klubu oyunçularına 8 milyon 911 min 200 manat maaş verib. “Sumqayıt”da bu göstərici 4 milyon 431 min 100 manat, “Səbail”də isə 4 milyon 385 min 800 manat təşkil edib.
“Zirə” futbolçularına 4 milyon 287 min 627 manat, “Araz-Naxçıvan” 3 milyon 619 min 200 manat əməkhaqqı ödəyib. “Turan Tovuz”un maaş xərcləri 2 milyon 613 min 900 manat olub.
Siyahının son sıralarında yer alan “Kəpəz” futbolçularına 1 milyon 754 min 700 manat, “Şamaxı” isə 1 milyon 4 min 300 manat əməkhaqqı ödəyib.
15:23 17.12.2025
Oxunuş sayı: 1147