Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti İlham Əliyevə təbrik məktubu göndərib
Avstraliyada yaşayan azərbaycanlılar Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıblar.
Crossmedia.az xəbər verir ki, Avstraliya Azərbaycan Assosiasiyasının (AAA) prezidenti Mikayil Oyta tərəfindən göndərilən məktubda prezident İlham Əliyev doğum günü, həmçinin Qarabağın işğaldan azad olunması zəfərinin beşinci ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edilib.
Məktubda qeyd olunur ki, prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan müstəqil, güclü və nüfuzlu dövlət kimi beynəlxalq aləmdə mövqelərini daha da möhkəmləndirib, milli maraqlarını qətiyyətlə qoruyan və gələcəyə inamla addımlayan ölkəyə çevrilib.
Eyni zamanda dövlətçiliyin möhkəmləndirilməsi, xalqın rifahının yüksəldilməsi və Azərbaycan diasporunun dünya miqyasında birliyinin gücləndirilməsi istiqamətində aparılan ardıcıl siyasətin yüksək qiymətləndirildiyi vurğulanıb.
Məktubda prezident İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə də təbrik edilib. Bildirilib ki, bu əlamətdar tarix dünyanın müxtəlif ölkələrində yaşayan 55 milyon azərbaycanlının milli kimlik, mədəniyyət və dövlətçilik idealları ətrafında birliyinin rəmzidir.
Avstraliyada yaşayan azərbaycanlıların ana vətənlə əlaqələrinin möhkəmləndirilməsi, diaspor təşkilatlarının gücləndirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətinin xüsusi qürur mənbəyi olduğu qeyd olunub.
Məktubun sonunda prezident İlham Əliyevə möhkəm cansağlığı, uzun ömür, dövlətçilik fəaliyyətində davamlı uğurlar və Azərbaycan xalqına xidmət yolunda yeni nailiyyətlər arzulanıb.
09:58 17.12.2025
Oxunuş sayı: 2766