Mühüm qərar qəbul olundu: Avropa Rusiya ilə müharibəyə başlayır?
Son illər Avropanın təhlükəsizlik arxitekturası köklü şəkildə dəyişməkdədir. Rusiya–Ukrayna müharibəsi, NATO-nun şərq cinahında artan gərginlik, ABŞ-nin Avropa təhlükəsizliyinə dair mövqeyində müşahidə olunan qeyri-müəyyənlik Almaniya kimi ölkələri yeni strateji qərarlar qarşısında qoyur. Məhz bu kontekstdə Berlində məcburi hərbi xidmətin bərpası, hətta qadınların da bu prosesə cəlb olunması məsələsi gündəmə gətirilir.
Qadınlar üçün məcburi hərbi xidmət ideyasının müzakirəyə çıxarılması təkcə gender bərabərliyi arqumenti ilə izah olunmur. Almaniya ordusunda kadr çatışmazlığı, mümkün genişmiqyaslı təhlükə ssenarilərinə hazırlıq və “ümummilli müdafiə modeli”nin formalaşdırılması bu yanaşmanın əsas səbəbləri kimi göstərilir.
Bu müzakirələr isə təbii olaraq daha böyük sualı gündəmə gətirir: Almaniya real olaraq yeni hərbi müdaxiləyə, yaxud genişmiqyaslı müharibəyə hazırlaşırmı? Yoxsa bu addımlar sadəcə preventiv təhlükəsizlik strategiyasının tərkib hissəsidir?
Mövzu ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov Crossmedia.az-a açıqlama verib: "Ümumiyyətlə, təkcə Almaniyada deyil, son vaxtlar dünyada gedən proseslərin fonunda bəzi ölkələr var ki, orada hərbi xidmət sahəsində müəyyən durğunluq müşahidə olunurdu. İndi isə həmin ölkələr bu sahəni yenidən aktuallaşdırıblar. Hətta hərbi xidmətə qadınların da çağırılması məsələsini gündəmə gətiriblər və bu çağırış məcburi xarakter daşıyacaq. Bəs bu nəyə görə baş verir? Çünki uzun illər ərzində cəmiyyətdə hərbi sahəyə ciddi maraq olmayıb. Daha çox belə bir yanaşma formalaşıb ki, hərbi xidməti yalnız bu sahənin “fanatları” seçir. Məhz buna görə də, mənə görə, ilkin etapda, yəni ilk mərhələdə bu boşluğu doldurmaq üçün qadınların da məcburi hərbi xidmətə cəlb olunması planlaşdırılır və bu, normal qarşılanmalıdır. Yəni bir müddətdən sonra qərargahlarda, yaxud da birbaşa döyüşlə bağlı olmayan sahələrdə qadınların hərbi xidmət keçməsi artıq təbii bir prosesə çevriləcək. Açıq desək, kişilərin qərargahlarda oturub ikinci və ya üçüncü dərəcəli işləri görməsi o qədər də müsbət qarşılanmır. Məhz bu nöqteyi-nəzərdən məsələ aktuallaşdırılır. Digər tərəfdən isə, artıq Avropa miqyasında müəyyən müharibə hazırlıqlarının həyata keçirildiyini görürük".

Ekspert əlavə edib ki, Almaniyanın özü də vəziyyətin ciddiliyini dərk edir: "Son dövrlərdə Almaniya kansleri Fridrik Mertsin, həmçinin Almaniya müdafiə naziri Boris Pistoriusun yanaşması ondan ibarətdir ki, hərbi sahəyə xüsusi diqqət ayrılmalıdır və bu sahə inkişaf etdirilməlidir. Çünki əgər bu sahəyə lazımi diqqət göstərilməsə, Almaniya gələcəkdə ciddi problemlərlə üzləşə bilər. Ona görə də ən azından ölkə özünü müdafiə etmək üçün müharibə hazırlıqlarını həyata keçirir. Mən buna normal baxıram və hesab edirəm ki, hər bir dövlətin bundan başqa yolu da yoxdur, başqa işi də ola bilməz. Bu baxımdan Almaniya öz üzərinə düşəni edir. Digər Avropa ölkələrinə gəldikdə isə, Almaniya hər zaman Avropada aparıcı ölkələrdən biri hesab olunub və onlar da çalışacaqlar ki, Almaniyada tətbiq olunan bu modelləri öz ölkələrində də həyata keçirsinlər. Qadınların məcburi hərbi xidmətdə iştirakı bir qədər də cəmiyyəti toparlayır, insanları müəyyən məqsədlər uğrunda eyni nöqtədən hərəkət etməyə sövq edir. Hesab edirəm ki, bu yanaşma normaldır. Almanlar, ümumiyyətlə, bütün sahələrdə çox dəqiqdirlər və qadınların hərbi sahəyə cəlb olunmasını da təsadüfi şəkildə həyata keçirmək istəmirlər".
Ü.Cəfərov son olaraq bildirib ki, gələcəkdə müharibə baş verəcəyi təqdirdə kişi cinsindən olan şəxslər daha çox döyüş hazırlığı və birbaşa hərbi tapşırıqların icrası ilə məşğul olacaqlar: "Logistika, təminat və digər köməkçi sahələrdə isə qadınlar kişilərlə bərabər şəkildə fəaliyyət göstərə bilərlər. Məhz buna görə də bu məsələ gündəmə gətirilib. Hər halda, mən bunu bu cür görürəm. Almaniya digər Avropa ölkələrinə nisbətən vəziyyətin ciddiliyini daha tez və daha dərindən dərk edir və bu məsələlərə daha həssas yanaşır".
Ayhan
12:39 15.12.2025
Oxunuş sayı: 2206