Audiovizual Şura: İki həftə ərzində aparıcılar 3 minə yaxın əcnəbi söz işlədib
İki həftə ərzində verilişlərdə aparıcılar tərəfindən 3 minə yaxın əcnəbi sözün işlədildiyinin şahidi olduq.
Crossmedia.az xəbər verir ki, Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” adlı konfransda çıxışı zamanı bildirib.
“Son illər Şura reklam çarxlarında əcnəbi sözlərin istifadəsinin qarşısını alıb. 5-10 il əvvəl bu hallara çox rast gəlinirdi. Verilişlərdən fərqli olaraq reklam çarxları daha çox görülür və burada istifadə olunan sözlər insanların yaddaşına həkk olunur. Lakin verilişlərdə bununla bağlı vəziyyət qənaətbəxş deyil. Televiziya və radioməkanda 800 saatlıq efirlər olur. Monitorinq şöbəsində 6 nəfərin olduğunu nəzərə alsaq, bunun hamısını aşkar etmək mümkün olmur. Amma cənab prezidentin çıxışını əsas götürərək süni intellektdən yararlanıb daha çox istifadə olunan 40-a yaxın əcnəbi sözlərin siyahısını çıxarıb, verilişlərdə monitorinq etdik və aparıcılar tərəfindən iki həftə ərzində 3 minə yaxın bu cür əcnəbi sözlərin işləndiyinin şahidi olduq. Bu sözləri toplayaraq kanallara hansı aparıcıların hansı əcnəbi sözləri işlətdiyi ilə bağlı yanvar ayından xəbərdarlıq göndərəcəyik.”
12:42 08.12.2025
Oxunuş sayı: 1035