“Bir millət, iki dövlət”: Dezinformasiyaya qarşı yeni mərhələ
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran açıqlamasında bildirib ki, Azərbaycan və Türkiyə dezinformasiyalara qarşı birgə daha effektiv mübarizə aparacaq.
“Dezinformasiya ilə mübarizə mərkəzimiz təkcə Türkiyə ilə bağlı deyil, qardaş və qonşu ölkələrlə əlaqədar mövzularla bağlı dezinformasiyalara qarşı da mübarizə aparır. Bizim bu sahədə Azərbaycanla birgə mübarizə platformamız da var. Bu yöndə dezinformasiyaları izləyərək qarşılıqlı şəkildə mübarizə aparırıq. Bunun nümunələri var, qarşıdakı dövrdə də birlikdə dezinformasiyalara qarşı daha effektiv formada mübarizə aparacağıq. Hər iki tərəf bununla bağlı qətiyyətlidir”, - Burhanəddin Duran vurğulayıb.
Azərbaycan və Türkiyənin dezinformasiyaya qarşı birgə platformasının gücləndirilməsi regionda informasiya təhlükəsizliyi baxımından hansı yeni imkanlar yaradır və birgə mübarizə mexanizmləri konkret hansı sahələri əhatə edəcək?

Bununla bağlı Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi Nəmənd Rüstəmov Crossmedia.az-a açıqlamasında belə addımların atılmasını son dərəcə mühüm və əhəmiyyətli hesab edib və yüksək qiymətləndirib: “Bir millət, iki dövlət” konsepsiyası çərçivəsində qardaş ölkələrin bu kimi addımlar atması həm strateji, həm də taktiki baxımdan son dərəcə mühüm və əhəmiyyətlidir. Bu əməkdaşlığın real səmərəsini biz 44 günlük Vətən müharibəsində də görmüşük. Məlumdur ki, həmin dövrdə Türkiyə və Azərbaycan hərbi sahədə vahid yanaşma nümayiş etdirərək informasiya idarəçiliyi və kəşfiyyat məlumatlarının mübadiləsində sıx əməkdaşlıq ediblər. Kəşfiyyat məlumatlarının vaxtında və səmərəli istifadəsi bu əməkdaşlığın ən mühüm göstəricilərindən biri idi.
Regionun strateji əhəmiyyəti nəzərə alınarsa, hibrid müharibələrin genişləndiyi bir dövrdə Türkiyə və Azərbaycanı hədəf alan dairələrin dezinformasiya və təxribat üsullarından istifadəsi istisna deyil. Məhz buna görə də iki dövlətin bu sahədə texniki, iqtisadi, siyasi və ictimai əməkdaşlığı hər iki ölkə üçün ciddi önəm daşıyır. Bu cür birgə fəaliyyət həm xalqlarımız, həm dövlətlərimiz üçün faydalıdır və bu addımları yüksək qiymətləndiririk. Əminik ki, bu əməkdaşlıq gələcəkdə daha böyük bəhrələr verəcək”.
15:20 02.12.2025
Oxunuş sayı: 970