Avropa Parlamenti Ukrayna danışıqlarında Aİ iştirakını tələb edir
Avropa Parlamenti Ukrayna ilə bağlı mümkün sülh danışıqlarında Avropa İttifaqının rəsmi şəkildə masa arxasında olmasını tələb edən yeni qətnamə qəbul edib.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Sənəddə təhlükəsizlik təminatları, Rusiya tərəfindən işğal olunmuş ərazilərin tanınmaması, ABŞ-nin siyasətinə dair tənqidlər və Ukraynaya maliyyə mexanizmi yaradılması kimi bir sıra mühüm müddəalar yer alıb.
Qətnaməyə əsasən, atəşkəs yalnız o halda mümkün sayılır ki, Ukrayna ABŞ və Aİ-dən NATO-nun 5-ci maddəsinə bənzər, eləcə də Aİ Nizamnaməsinin 42.7-ci maddəsinə uyğun etibarlı təhlükəsizlik təminatları alsın. Bu mexanizm gələcəkdə yeni hücumların qarşısını almağı hədəfləyir.
Avropa Parlamenti Rusiyanın işğalı altında olan Ukrayna ərazilərini Rusiya Federasiyasının hissəsi kimi tanımayacağını bir daha vurğulayıb. Sənəddə “Ukraynasız Ukrayna haqqında, Avropasız Avropa haqqında heç nə” prinsipi xüsusi qeyd olunub və Aİ-nin istənilən danışıqlarda iştirakının vacibliyi bildirilib.
Qətnamədə ABŞ-nin qeyri-sabit və ziddiyyətli mövqeyinin sülh prosesini çətinləşdirdiyi vurğulanır. Avropa deputatları bildirirlər ki, mümkün razılaşma Ukraynanın öz müdafiə və ittifaq seçimi hüququnu məhdudlaşdırmamalıdır.
Avropa deputatları Ukrayna üçün dondurulmuş Rusiya aktivləri ilə təmin edilən xüsusi kredit mexanizmi yaradılmasını təklif edirlər. Qətnamədə həmçinin qeyd olunur ki, Moskva ilə bağlı sanksiyalar sülh razılaşması əldə olunmadan aradan qaldırılmamalıdır. Əgər Rusiya danışıqlardan imtina edərsə, Aİ-nin təzyiqləri artırması tələb olunur.
Mehriban İbrahimli
22:55 27.11.2025
Oxunuş sayı: 1060