Ukrayna münaqişəsində atəşkəs perspektivi uzaq görünür
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov qeyd edib ki, Ukraynanın ABŞ heyətləri arasında sülh planının əsas şərtləri üzrə anlaşma əldə olunub.
Bu barədə Crossmedia.az-a politoloq Aqil Quliyev açıqlama verib:
"Ukraynada yaxın və uzaq gələcəkdə atəşkəsin elan olunması ilə bağlı nikbinlik hələ formalaşmayıb".
O bildirib ki,mövcud vəziyyəti aydınlaşdıran müəyyən addımlar olsa da, proses eyni zamanda daha da mürəkkəbləşir. Münaqişəyə dair həm ABŞ, həm də Avropa tərəfindən təqdim olunan layihələr tərəflər arasında ümumi razılaşmanın əldə olunmasını çətinləşdirir.
"ABŞ-nin Ukraynanın təhlükəsizliyi üçün qarantiyanı nəzərdə tutan 3 maddəlik sənəd var. Bu da münaqişəli məsələni aydınlaşdırmağı mürəkkəbləşdirir".
O qeyd edib ki,münaqişənin əsas tərəfləri — Rusiya, Ukrayna, Türkiyə, Avropa Birliyi və ABŞ — arasında tam koordinasiya yoxdur.
"Danışıqlarda bütün tərəflərin iştirakı təmin olunmadığı halda ümumi razılığa nail olmaq mümkün görünmür".
A.Quliyev vurğulayıb ki,ABŞ və Ukrayna arasında razılaşdırılan son layihənin ilkin variantdan fərqli olduğu bildirilir. Bu dəyişikliklərin isə Rusiyanı qane etməyəcəyi ehtimal olunur.
"Eyni zamanda, Vaşinqtonun əvvəlki layihəsində edilən korrektələr Avropa Birliyinin də narazılığına səbəb ola bilər"
Onun sözlərinə görə,bütün bu amillər fonunda Ukrayna münaqişəsinə yaxın zamanda atəşkəs formasında son qoyulacağı real görünmür. Regional və qlobal maraqların toqquşması, diplomatik mövqelərin ziddiyyəti prosesin uzanacağını göstərir.
Mehriban İbrahimli
19:25 27.11.2025
Oxunuş sayı: 1022