Ukrayna müharibəsi ABŞ ilə Rusiya arasında biznes sahəsinə çevrilib - Kim nə qazanacaq?
Ukrayna müharibəsi ətrafında diplomatik gərginlik növbəti dəfə pik həddə yüksəlib. Regional və qlobal güclərin masada apardığı siyasi pazarlıqlar artıq açıq fazaya keçib. Məlumatlara görə, Kreml özünün yeni sülh layihəsini Vaşinqtona təqdim edib və sənədin qəbul olunması üçün ABŞ administrasiyasına ciddi iqtisadi güzəştlər təklif edib. Ağ Evr rəhbəri Donald Trampın bu təşəbbüsə müsbət yanaşdığı deyilir və prosesin yaxın günlərdə daha da sürətlənəcəyi gözlənilir. Ekspertlər hesab edir ki, Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında planlaşdırılan görüş müharibənin gələcək taleyi, regiondakı güc balansı və Kiyevin siyasi mövqeyi üçün həlledici məqam ola bilər.
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli Crossmedia.az-a açıqlama verib: “Ukrayna müharibəsi artıq ABŞ və Rusiya arasında bir biznes sahəsinə çevrilmiş kimi qiymətləndirilir. Son məlumatlara görə, Kreml bir sülh planı hazırlayıb və onu ABŞ-yə göndərib. Bildirilir ki, Tramp həmin sülh planının müəllifi kimi gündəmə gətirilib. Məlumatlara əsasən, Rusiya planın reallaşması üçün ABŞ-yə özünün dondurulmuş aktivlərinin bir hissəsini — təxminən 100 milyard dollar civarında vəsaiti təklif edib. Bundan əlavə, Moskva bəzi maliyyə-iqtisadi güzəştləri də müzakirəyə çıxarıb. Ona görə də Tramp administrasiyasının bu planın yayılmasına razılıq verdiyi və Rusiyanın mövqeyinə yaxınlaşdığı iddia olunur”.
Ekspert qeyd edib ki, Rusiyanın resursları Ukrayna müharibəsində qələbə qazanmaq üçün kifayət etmir. Buna görə də Kreml müharibəni mümkün qədər tez bitirməkdə maraqlıdır: "Hazırda sülh həm Ukraynaya, həm də Rusiyaya lazımdır. Rusiya müharibədən qalib tərəf kimi çıxmağa çalışır və buna görə səhnə arxasında aparılan danışıqlara üstünlük verir. İddialara görə, Kremlin əsas məqsədi beynəlxalq imicini bərpa etməkdir. Bunun üçün Rusiya Ukraynaya və Qərbə özünün hazırladığı, Ukrayna üçün kapitulyasiya aktı kimi qiymətləndirilən sülh sazişini imzalatmağa cəhd edir. ABŞ bu sənədi dəstəkləməkdə günahlandırılır və Rusiyanın yanında yer aldığı deyilir. Ukraynaya ciddi təzyiqlərin olduğu qeyd olunur. Gözlənilir ki, Zelenski və Trampın yaxın vaxtlarda keçirilməsi planlaşdırılan görüşündə məsələ böyük ölçüdə aydınlaşacaq və Ukraynanın taleyi müəyyənləşəcək. Rəsmi Kiyevin planı qəbul edib-etməyəcəyi hələlik məlum deyil. Bu, böyük ölçüdə Avropa Birliyi ölkələrinin Ukraynaya göstərəcəyi dəstəkdən asılı olacaq. Əgər Avropa Birliyi Ukraynaya qətiyyətli dəstək versə, Zelenski hakimiyyəti ABŞ-ın təzyiqlərinə baxmayaraq planı imzalamaqdan imtina edə bilər. Bu halda müharibə uzana bilər və Rusiyanın maliyyə-iqtisadi böhranı daha da dərinləşə bilər”.
Zeynəb Xuduyeva
19:31 27.11.2025
Oxunuş sayı: 1078