Ukrayna "saman çöpündən yapışacaq?"
Rusiya və Ukrayna arasındakı müharibə hələ də beynəlxalq siyasətin ən mürəkkəb və diqqət çəkən məsələlərindən biridir. Bu münaqişənin sülh yolu ilə həllinə dair təşəbbüslər artmaqda davam edir, ABŞ tərəfindən təqdim olunan sülh planları isə diqqət mərkəzindədir. ABŞ Prezidenti Donald Tramp isə Şükranlıq günündən əvvəl Ağ Evdə çıxışı zamanı Rusiya və Ukrayna arasında razılıq əldə olunmasının mümkün olduğunu vurğulamışdır. Trampın sözlərinə görə, sülh prosesi asan olmasa da, tərəflər buna yaxınlaşa bilərlər. Vaşinqton tərəfindən ilkin olaraq hazırlanmış 28 bəndlik plan ərazi məsələləri və NATO ilə bağlı strateji məqamları əhatə edirdi. Daha sonra, Ukrayna tərəfinin maraqları nəzərə alınaraq plan 19 bəndə qədər sadələşdirilmiş və kompromis imkanları artırılmışdır. Bu, sülh prosesinin mürəkkəbliyini və tərəflər arasında əldə olunacaq razılaşmanın əhəmiyyətini ortaya qoyur.
Mövzu barədə Crossmedia.az-a danışan hərbi ekspert İbrahim Rüstəmli bildirib ki, vəziyyət kifayət qədər mürəkkəbdir: "Əvvəla, məsələyə yanaşmadan çox şey asılıdır. Fikrimcə, ən pis sülh belə, ən yaxşı müharibədən daha əhəmiyyətlidir. Müharibə ağır insan kapitalı itkisidir, maliyyə baxımından böyük sarsıntıdır və ciddi dağıntılara səbəb olur. Trampın planı Rusiya–Ukrayna müharibəsinin dayandırılması üçün bir vasitədir, lakin planın böyük əksəriyyəti Ukraynanın milli maraqlarına uyğun deyil. Amma indiki vəziyyətdə Ukraynanın sülh danışıqlarında iştirak etməkdən başqa yolu yoxdur. Milyonlarla insan didərgin düşüb, ərazilər dağıdılıb, insan itkiləri var. Bu, müharibənin əsl mahiyyətini ortaya qoyur".
İ. Rüstəmli əlavə edib ki, sülhün tərəfində dayanmaq vacibdir: "Tarixdə sonsuza qədər davam edən müharibə olmayıb. Bu müharibə də sülh danışıqları ilə başa çatmalıdır. İndi bütün təşəbbüslər əsas güc sahiblərinin – ABŞ və Rusiyanın – əlindədir. ABŞ Ukraynaya təklif edir ki, Rusiya ilə razılaşsın. Bəli, bu, Ukraynanın xeyrinə olmaya bilər. Sülh müqaviləsi, ən sərf edən variantda belə, Ukraynanın milli maraqlarına tam cavab verməyəcək. ABŞ dəstək olmasa, Ukrayna çox çətin vəziyyətə düşəcək".
Hərbi ekspert vurğulayıb ki, müharibənin davam etməsi həm Rusiyaya, həm Ukraynaya sərf etmir: "Müharibə uzandıqca iki xalq arasında milli qarşıdurma yaranacaq. Bu baxımdan, bağlanacaq sülh müqaviləsi, hər halda, vəziyyəti stabilləşdirmək baxımından vacibdir, amma Ukraynanın xeyrinə tam olmayacaq".
Mehriban Yariyeva
17:05 27.11.2025
Oxunuş sayı: 950