Jurnalistika sıradan çıxır?! - Əməkdar jurnalist açıqladı
Qəzetlər, radiolar artıq televizorlar da demək olar ki, aktuallığını itirib. İnsanlar məlumatı telefondan rahatlıqla əldə edə bilirlər. Telefonlar həm qəzetləri, həm radioları, həm də televiziyanı əvəz edə bilir. Eyni zamanda telefon daha operativdir. Amma bu o demək deyil k, telefonlar və ya sosial şəbəkələr məlumat əldə etmək üçün idealdır.
Beləliklə, ənənəvi jurnalistikanın artıq sıradan çıxacağına dair ehtimallar yaranır. Üstəlik, süni intellektin inkişafı da medianın gələcəyinə dair fərqli proqnozlar meydana çıxarır.
"Globalinfo" saytının təsisçisi, Əməkdar jurnalist Azər Ayxan jurnalistikanın gələcəyinə dair Crossmedia.az-ın suallarını cavablandırıb:
- Qəzetlər, radiolar yavaş-yavaş mövqelərini itirir. Hətta televiziya belə əhəmiyyətini itirməyə başlayıb. Sizcə, bütün bunlar jurnalistikanın tamamilə yol olmasına gətirib çıxara bilər?
- Son 15 ildə sosial şəbəkələrin Azərbaycanda da ön plana çıxması nə ölkədə, nə də qlobal məkanda jurnalistikanın sıradan çıxmasına birmənalı şəkildə səbəb olmadı. Əksinə, bu proses medianın gücünü daha da artırdı. Necə artırdı? Birincisi, xəbərə daha məsuliyyətli yanaşmağa və daha operativ işləməyə başladıq. İkincisi, Xəbər və yazıların sosial media vasitəsilə daha geniş auditoriyalara çıxışı təmin olundu. Qəzetlərin mənəvi mövqeyinin zəifləməsi isə jurnalistikanın yox olmasına yox, onun şəkil dəyişdirməsinə gətirib çıxarır. Bu, artıq uzun müddətdir davam edən bir prosesin növbəti mərhələsidir. Radionun və televiziyanın da yaxın zamanda tam aktuallığını itirəcəyi fikrindən uzağam. Çünki radionun daimi dinləyiciləri əsasən avtomobil sahibləridir. Düzdür, bəzən avtomobildə belə sosial şəbəkəni izləməyə məcbur qalırıq, amma radio və televiziyanın qəzetlər kimi bu qədər tez sıradan çıxacağına inanmıram. Ola bilər ki, növbəti beş ildə bu proses sürətlənsin, amma hazırda bu sahələrin tam şəkildə iflasa uğrayacağına inanmıram. Ümumiyyətlə isə jurnalistikanın sıradan çıxacağına düşünmürəm.

- Jurnalistika peşəsi bir neçə il sonra hansı səviyyədə olacaq? Siz özünüz jurnalistika sahəsini 5-10 il sonra harda görürsüz?
- 5–10 il sonranı dəqiq proqnozlaşdırmaq indiki dinamik dövrdə çətindir. Lakin 5 il əvvəlki media ilə bu günü müqayisə etdikdə nə qədər böyük dəyişikliklərin baş verdiyini görürük. Rəqəmsal mediaya keçid, videokontentin aktuallaşması və güclənməsi, xəbərin video formatda təqdim olunması artıq əsas tendensiyadır. Sosial şəbəkə platformaları isə getdikcə daha çox önə çıxır. Xüsusilə TikTok gələcəyin mediasının həm inkişafında, həm də müəyyən mənada iflasında ciddi rol oynaya bilər. Çünki medianın bir qanadı inkişaf etdikcə, digər qanadı təhrif olunur – qəzetlərdə olduğu kimi. Yaxın gələcəkdə saytların da daha çox rəqəmsallaşması və videokontentin artırılması hazırkı onlayn medianın sabitliyinə təsir göstərə bilər. Təbii ki, zaman hər şeyi öz axarına salacaq.
- Bəs gələcəkdə jurnalistika tamamilə sıradan çıxa bilər?
- Jurnalistikanın yox olmaması üçün media dövrün tələbləri ilə ayaqlaşmalıdır. “Qəzet tarixdir, mütləq qalmalıdır” fikri ya bəhanədir, ya da müasir tendensiyalardan uzaq qalmaqdır. Bəzi həmkarlarımız israrla bildirirlər ki, qəzetlər qalmalıdır, çünki bu həm arxiv, həm tarixdir. Maraqlıdır ki, ötən həftə qlobal miqyasda onlayn medianın və internetin çökdüyü zaman klassik qəzetçilər və televiziyaçılar da eyni fikri paylaşırdılar. Lakin həmin böhran anında heç kim köşkdən qəzet almadı, heç kim televizoru açıb məlumat almağa çalışmadı. Ofisdə 15-ə yaxın əməkdaş var, köşk də, televizor da, radio da əl altında idi, amma heç kim – mən də daxil olmaqla – bu üç resursdan istifadə etmədi. Çünki qəzetlər iki gün əvvəlki xəbəri verirdi, televizora ehtiyac duymadıq və bütün dünyada baş verənləri yalnız onlayn mediadan, daha doğrusu sosial şəbəkələrdən izlədik. Bu səbəbdən jurnalistikanın peşə kimi tamamilə yox olacağı fikrini bölüşmürəm. Sadəcə olaraq jurnalistika şəkil dəyişdirə, dövrün tələblərinə uyğunlaşmaq üçün addımlar ata bilər və yəqin ki, atacaq da. Bu gün müxtəlif peşələrlə bağlı proqnozlar verilir: “mühasib sıradan çıxacaq”, “filan peşə yox olacaq” və s. Lakin insanlarda hələ də məlumatı peşəkar platformadan almaq ehtiyacı var. Sosial şəbəkələrdə yayılan xəbərlərə insanların tam etibar etməməsi, mötəbərlik əmsalının aşağı olması bunu sübut edir. Peşəkar mediada yayımlanan xəbər isə insanlar üçün daha inandırıcıdır. Buna görə də jurnalistikanın bir peşə kimi yaxın illərdə sıradan çıxacağını düşünmürəm. Dünyanın sürətlə dəyişdiyini nəzərə alsaq, bu fikir üzərində qətiyyətlə israr etmək də doğru deyil.
Fatimə NƏZƏRLİ
15:35 27.11.2025
Oxunuş sayı: 1145