Rusiya və Ukrayna kompromisə hazırdır? - Açıqlandı
ABŞ Prezidenti Donald Trampın Rusiya və Ukrayna arasında sülh danışıqlarında irəliləyiş əldə olunmasına dair açıqlaması beynəlxalq ictimaiyyətin diqqətini yenidən regiondakı proseslərə yönəldib. Trampın “Truth Social” platformasında yazdığı “nəsə yaxşı bir şey baş verir” sözləri uzun müddətdir davam edən müharibənin diplomatik yolla həlli ilə bağlı ümidləri artırır və danışıqlarda yeni mərhələnin başlaya biləcəyi ehtimallarını gücləndirir.
Crossmedia.az-a açıqlama verən siyasi şərhçi Xasay Gəraylı bildirib ki, Trampın bəyanatı müəyyən siyasi optimizm yaratsa da, onu real mənzərəyə tam uyğun qiymətləndirmək doğru olmaz:
“Bir neçə səbəb var ki, bu bəyanatı ehtiyatla analiz etmək lazımdır. İlk növbədə həm Moskva, həm də Kiyev cəbhədə aktiv hərbi əməliyyatları davam etdirirlər. Rusiya Donbas və cənub istiqamətində mövqelərini möhkəmləndirməyə çalışır, Ukrayna isə Qərbin dəstəyi ilə hücum potensialını qorumağa çalışır. Bu şəraitdə "böyük irəliləyiş" ifadəsi real sülh danışıqları üçün lazım olan minimal siyasi iradənin hələ görünmədiyini göstərir".
C. Gəraylı Trampın açıqlamasını daha çox siyasi-diplomatik mesaj kimi dəyərləndirir:
“ABŞ-da seçki mərhələsinin dinamikasını nəzərə alsaq, Trampın bu cür bəyanatları həm daxili auditoriya, həm də beynəlxalq tərəflər üçün mesaj xarakteri daşıyır. Bu, bir növ onun liderlik iddiasını nümayiş etdirmək cəhdidir. Bəyanat tam olaraq əsassız da deyil. Son günlər Ukraynadan gələn siqnallar danışıqlarda müəyyən yumşalma olduğunu göstərir. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi bildirib ki, Ukrayna və ABŞ nümayəndələri arasında sülh planının əsas şərtləri üzrə anlaşma əldə olunub. Bu, çox mühüm bir mesajdır. Vaşinqton Kiyevin maksimalist mövqeyini yumşaltmağa nail olub və Ukraynanı sülhə daha yaxın vəziyyətə gətirib".
Müsahibimizin fikrincə, ABŞ-nin prosesə aktiv nəzarəti danışıqların real şəkildə hərəkətə keçdiyinin göstəricisidir: "Vaşinqtonsuz sülh mexanizminin işləməsi mümkün deyil. Tərəflər arasında kompromis üçün müəyyən hazırlıq da hiss olunur. Həm Rusiya, həm də Ukrayna inadkar mövqelərini tam tərk etməsələr də, beynəlxalq təzyiqlər, iqtisadi çətinliklər və müharibənin yaratdığı yorğunluq onları müəyyən güzəştlərə yaxınlaşdırır. Trampın "böyük irəliləyiş" dediyi məhz hərbi yox, diplomatik aktivlikdir".
Siyasi şərhçi qeyd edib ki, hazırda real, rəsmi və yazılı sülh gündəmdə olmasa da, diplomatik kanallarda artan hərəkətlilik gələcək danışıqlar üçün mühüm zəmin yaradır: “Bu mərhələdə tam sülhdən danışmaq hələ tezdir, amma prosesin sürətlənməsi üçün müəyyən şanslar formalaşır" .
Mehriban Yariyeva
12:57 27.11.2025
Oxunuş sayı: 1006