Cenevrə görüşü: Sülh yoxsa yeni savaş mərhələsi?
Cenevrədə keçirilən görüş beynəlxalq gündəmi dərhal silkələdi və bir çoxlarının gözündə Rusiya–Ukrayna müharibəsinin sonu üçün ümid işığı kimi qiymətləndirildi. Lakin proseslərin gedişi göstərir ki, yaxın vaxtlar üçün sülh hələ görünmür və tərəflər arasında ciddi ziddiyyətlər qalmaqdadır. ABŞ-nin təzyiqlərinə baxmayaraq, Ukrayna və Rusiya mövqelərində geri addım atmır və qərarlar Avropa ilə əlavə məsləhətləşmələrdən asılı saxlanılır.
Mövzu ilə bağlı politoloq Zaur Məmmədov Crossmedia.az-a açıqlama verib. Onun sözlərinə görə keçirilən Cenevrə görüşü beynəlxalq aləmdə geniş diskussiyalara səbəb olub və bir çox siyasi şərhçilər onu Rusiya–Ukrayna müharibəsinin sülhlə nəticələnəcəyi bir görüş kimi şərh etməyə cəhd ediblər: “Ancaq proseslər onu göstərir ki, bu, heç də belə deyildir. Yəni, Cenevrə görüşü indiyə qədər olan danışıqlar müstəvisində çox xırda bir aydınlığı ilə seçilir. Bu aydınlıq ondan ibarətdir ki, Ukrayna tərəfinin rəsmi dairələri sülh müqaviləsinə və ABŞ-ın sülh təkliflərinə razılıqlarını bildirirlər. Bu baxımdan bu görüşü sülhə aparan yolda yol xəritəsinin ilkin nöqtəsi hesab etmək olar”.

Ekspert qeyd edib ki, bütünlükdə Rusiya-Ukrayna müharibəsi ilə bağlı Cenevrədə keçirilən görüşdən öncə ABŞ prezidentinin səsləndirdiyi fikrə diqqəti yönəltmək vacibdir. Onun sözlərinə görə, əgər Zelenski qoyulacaq təkliflərlə bu görüşdə razı olmazsa, ondan sonra vəziyyət yaxşı olmaya bilər: “Əgər müharibəni apara bilirsə, aparsın, özü necə bilər, elə də etsin. Bu o demək idi ki, artıq Ukrayna üçün onun maraqlarına uyğun maddələrin nədən ibarət olacağı və hansılara qədər olacağı ABŞ tərəfindən aydınlaşdırılmışdır. Yəni, bundan o tərəfə hər hansı maddələrdə dəyişiklik olacağı artıq gözlənilməzdir. Lakin Rusiya tərəfi bu məsələdə hələ də öz fikirini, qəti sözünü deməyib”.
Politoloq əlavə edib ki, xüsusən görüş ərəfəsində Vladimir Zelenskinin “biz razılığa gəlmək prosesi ilə bağlı ixtisar olunmuş bu müvafiq bəndlərlə Avropa ilə də məsləhətləşəcəyik” açıqlaması onun hələ də məsləhətləşəcəyi məqamların olduğunu göstərir. “Bu məsələdə öz qəti qərarını demək üçün Avropanın müəyyən dövlətləri ilə razılığa gəlməlidir. Donald Trampın öz mövqeyini dəyişməsi sülh müqaviləsinin bağlanacağının göstəricisidir. Ancaq bir tərəfdən də Avropa ilə məsləhətləşmə aparırlar. Bu baxımdan ikili standart məsələsi yaranır. Mənə elə gəlir ki, Ukrayna tərəfindən səsləndirilən ‘biz bu məsələlərin razılığa gəlməsi ilə bağlı Avropa dairələri ilə də məsləhətləşəcəyik’ fikri Ukraynanın sülh fikrini ciddi şəkildə dəyişə bilər. Həm də Donald Trampın Cenevrə görüşündən öncə səsləndirdiyi fikrin reallaşması müharibənin daha şiddətli baş verməsinə səbəb olar. Dünya mətbuatının Cenevrə görüşü və bundan sonrakı proseslərlə bağlı təhlili göstərir ki, yaxın dövrdə müharibə daha şiddətli bir fazaya daxil olacaq. Yalnız bu fazadan sonra Cenevrə görüşünün nəticələri, orada qəbul olunan maddələrin işə düşməsi praktiki dövrəyə gələcək. Ancaq indiki anlarda hələ ki, bu gözlənilmir”.
Politoloqun fikrincə, “Cenevrə danışıqlarında olan məsələlər – sülh danışıqları ilə bağlı bəndlər – hələ ki, tərəflər arasında razılığın əldə olunmasına gətirib çıxarmamışdır. Rusiya məsələyə bir qədər sual altındaymış kimi yanaşır və məsələlərlə bağlı tam fikrini ortaya qoymur. Bütün bunlar Vladimir Zelenskinin Avropa ilə məsləhətləşmələr aparacağını göstərir. Deməli, Cenevrə görüşünün hazırkı müvafiq bəndləri artıq ABŞ-ın son təklifləri kimi başa düşülə bilər. Ancaq razılaşma daha şiddətli döyüşlərdən sonra reallaşma yol xəritəsinə daxil edilə bilər”.
Zeynəb Xuduyeva
22:12 26.11.2025
Oxunuş sayı: 1255