Trampın strategiyası təkcə sülhü təmin etmək deyil, o həm də... - POLİTOLOQ
Noyabrın 24-də Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan telefon danışığı aparıblar.
Telefon danışığı zamanı Ərdoğan danışıqlar prosesinə hər cür yardım göstərmək niyyətini və bu məqsədlə bundan sonra da İstanbul platformasını təqdim etməyə hazır olduğunu bildirib.
Bundan əlavə, Putin və Ərdoğan Ukrayna məsələsi üzrə müxtəlif səviyyələrdə Rusiya-Türkiyə əlaqələrini aktivləşdirməyi razılaşdırıblar.
Məlum olduğu kimi, Ukrayna ilə bağlı ciddi proseslər baş verir. ABŞ-nin təklid etdiyi "sülh planı"ciddi müzakirələrə səbəb olub. Avropa bu layihəyə qarşı çıxır. ABŞ isə təkidlə müharibəni bitirməyə çalışır. İndi əsas məsələ məhz Türkiyənin rolu ilə bağlıdır. Belə ki, Ankara nəinki Kiyev və Moskva, həm də Avropa və ABŞ arasında mümkün qədər neytral davranmağa çalışır. Bu isə açar siyasi aktor kimi Türkiyənin rolunu aktuallaşdırır.
Türkiyəli politoloq Hasan Oktay Ankaranın proseslərdəki rolu və Türkiyənin ABŞ-nin təklifinə münasibəti barədə Crossmedia.az-a danışıb: "Türkiyə, həm Ukrayna, həm də Rusiya ilə Qara dənizdən qonşu olan bir ölkə kimi, münaqişənin başlanğıcından etibarən vasitəçilik rolunu aktiv şəkildə üzərinə götürüb. İstanbulda iki dəfə sülh masası təşkil olunması və bir il boyunca ölkənin BMT ilə birlikdə həyata keçirdiyi “taxıl koridoru” təşəbbüsü buna nümunədir. Bu təşəbbüs sayəsində qlobal ərzaq böhranının qarşısı alınıb. Həm Ukrayna, həm də Rusiya Türkiyənin bu prosesdəki neytral və etibarlı mövqeyini qəbul edir və ona yaxın tərəfdaş kimi baxır. Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp seçki dövründən bu günə qədər Ukrayna mövzusunda sülhün vacibliyini vurğulasa da, hələlik praktik addım atılmayıb. Trampın strategiyası təkcə sülhü təmin etmək deyil. O, Çin siyasətində Rusiya və Avropa İttifaqının mövqelərini nəzərə alır. Sülh əldə olunmasa, Ukrayna böhranının Rusiya ilə Avropa İttifaqıarasında daha geniş miqyaslı gərginliyə çevrilə biləcəyini və bu vəziyyətdən həm Avropaya, həm də Rusiyaya təzyiq vasitəsi kimi istifadə edə biləcəyini hesablayır. Bu, onun Çini təcrid etmə siyasətinin bir hissəsidir".

Müsahibimiz söyləyib ki, Türkiyə isə bir tərəfdən Trampın bu strateji baxışına yaxın dursa da, digər tərəfdən Avropa İttifaqının Türkiyəyə olan münasibətində yumşalma əldə etmək üçün prosesi öz xeyrinə qiymətləndirməyə çalışır: "Uzun illərdir davam edən İttifaqa üzvlük prosesi fonunda Türkiyə bu geosiyasi vəziyyətin diplomatik imkanlarını nəzərdən keçirir. Türkiyə-Rusiya münasibətlərinə gəldikdə isə Ankara enerji və təhlükəsizlik sahələrində Moskva ilə qurduğu əməkdaşlığın davam etməsində maraqlıdır. Bununla yanaşı, Türkiyə öz iradəsi və məlumatı xaricində baş verə biləcək hərbi eskalasiyanın qarşısını almaqda prinsipial mövqeyini qorumağa çalışır. Trampın təqdim etdiyi 28 maddəlik sülh planında Türkiyə razılaşmanın İstanbulda imzalanmasını arzulayır. Eyni zamanda, Krım məsələsində təminat mexanizminin yaradılması xüsusi əhəmiyyət daşıyır, çünki Türkiyə Krımla bağlı həssaslığını daim ifadə edir".
Gülbəniz Bayramova
14:53 25.11.2025
Oxunuş sayı: 1553