Aygün Əliyeva: Vətən müharibəsində qazandığımız Zəfər bütün Türk dünyasının Zəfəridir
XXI əsrdə Azərbaycan ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında əməkdaşlıq misilsiz dərəcədə güclənib, xalqlarımızın tarixi bağlılığı siyasi, humanitar və ictimai münasibətlərin ən yüksək səviyyəyə çatmasına şərait yaradıb. Vətən müharibəsində qazandığımız şanlı Zəfər təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının Zəfəridir. Bu Qələbə birliyimizin, sarsılmaz həmrəyliyimizin və ortaq gələcəyə olan inamımızın təntənəsidir.
Crossmedia.az xəbər verir ki, bu sözləri Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT-lərinin həmrəylik forumunda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva deyib.
O qeyd edib ki, yaxın zamanda reallığa çevriləcək Zəngəzur dəhlizi türk dövlətlərini birləşdirən mühüm strateji yol, iqtisadiyyat və kommunikasiya baxımından böyük imkanlar açan tarixi bir körpü olacaq. Bu layihə regionumuzun gələcəyini formalaşdıracaq və Türk dünyasının qlobal güc kimi mövqeyini daha da möhkəmləndirəcək.
“Son illərdə QHT-lərimiz arasında əməkdaşlığı gücləndirmək məqsədilə mühüm addımlar atılıb, qarşılıqlı fəaliyyətə dair əməkdaşlıq memorandumları imzalanıb. Bakıda keçirilən COP29 çərçivəsində agentliyimiz türk dövlətlərinin QHT-ləri ilə birgə Yaşıl Zonada iqlim təşəbbüslərinə həsr olunmuş bir sıra tədbirlər həyata keçirib. Bu, həm ekoloji sahədə ortaq fəaliyyətimizin, həm də QHT-lərimizin qlobal gündəmə inteqrasiyasının bariz nümunəsidir.
Bu gün isə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumu çərçivəsində səkkiz ölkədən 500-ə yaxın nümayəndəni Bakıda qəbul etməkdən böyük məmnunluq duyuruq. Forum boyunca aparılan geniş fikir mübadiləsi gələcək əməkdaşlıq üçün yeni istiqamətlər açacaq, ortaq layihələrimizin daha sistemli şəkildə icrasına xidmət edəcək”, - deyə A.Əliyeva vurğulayıb.
O, sonda bütün iştirakçıları 2026-cı ilin may ayında Bakıda keçiriləcək Şəhərsalma Forumuna dəvət edib.
12:03 24.11.2025
Oxunuş sayı: 1944