ABŞ-nin sülh planı Ukraynanın təslim olmasını rəsmiləşdirmək məqsədi daşıyır - MÜSAHİBƏ
Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda Moskvanın danışıqlara hazır olduğunu bəyan etməsi beynəlxalq gündəmdə yeni müzakirələrə yol açıb. Münaqişənin artıq bir neçə ildir ki, regional və qlobal təhlükəsizlik üçün əsas risk mənbəyinə çevrildiyi şəraitdə Kremlin bu açıqlaması həm diplomatik kanalların yenidən aktivləşməsi, həm də mümkün siyasi həll yollarının axtarışı baxımından diqqət çəkir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun danışıqlar prosesinə açıq olduqlarını vurğulaması, müharibənin gələcək mərhələsinə dair müxtəlif ssenarilərin gündəmə gəlməsinə səbəb olub.
Qərb mediasında ABŞ-nin münaqişənin dayandırılması üçün hazırladığı iddia edilən çərçivə sazişi ilə bağlı yayılan məlumatlar isə prosesin ətrafında daha da ciddi suallar yaradıb. Sənədin Ukraynanın bəzi ərazilərdən imtina etməsi və bunun müqabilində Vaşinqtonun Kiyev və Avropa üçün təhlükəsizlik zəmanətləri verməsi kimi şərtləri ehtiva etməsi barədə iddialar diplomatik mühitdə geniş rezonans doğurur. Bu kontekstdə Kremlin mövqeyinin yumşalması kimi təqdim edilən açıqlama gedişatın istiqamətinə dair yeni siyasi dinamikanın formalaşdığına işarə edir.
Məsələ ilə bağlı politoloq Qabil Hüseynli Crossmedia.az-a müsahibə verib
— Rusiya, ABŞ və xüsusilə də Tramp-Putin tandeminin son addımları Ukrayna üçün nə ifadə edir?
— Rusiyaya etibar yoxdur və son dövrlər Prezident Trampla Vladimir Putinin Ukraynaya təzyiqi artırmaq üçün koordinasiyalı şəkildə hərəkət etdiyi aydın görünür. Onlar saxta xarakterli “sülh razılaşması” hazırlayaraq bunu beynəlxalq ictimaiyyətə sülh təşəbbüsü kimi təqdim etməyə çalışırlar. Hətta guya Zelenski ilə video müsahibə hazırlanıb və burada onun “sülhdən razı qalması” görüntüsü yaradılır. Bu, Ukraynanı zəiflətmək məqsədi daşıyan manipulyativ informasiyadır.
— Hazırlanan sülh planı nədən ibarətdir və niyə tənqid olunur?
— Hazırlanan bu “beynəlxalq sülh planı” 28 maddədən ibarətdir və ən təhlükəli məqam ondan ibarətdir ki, Ukraynanın iştirakı olmadan hazırlanır. Bu, dünya diplomatiyası tarixində görünməmiş presedentdir və Ukrayna xalqının ləyaqətinə açıq şəkildə təhqirdir. Çünki plan Rusiyaya artıq işğal etdiyi ərazilərlə yanaşı, əlavə torpaqların verilməsini ehtiva edir. Ukraynanın ərazisində Rusiya qoşunlarının və hərbi sənaye infrastrukturunun saxlanılması nəzərdə tutulur. Bundan əlavə, müəyyən bölgələrə beynəlxalq nümayəndələrin təyyarələrlə girişinə dair alçaldıcı şərtlər qoyulur. Bu plan faktiki olaraq Ukraynanın suverenliyinin ləğvi deməkdir.
— Bu prosesdə ABŞ-nin — xüsusilə Tramp administrasiyasının rolu necə qiymətləndirilir?
— Rusiya tərəfindən bu cür planın təklif edilməsi təəccüblü deyil, çünki Moskvanın məqsədi regionu öz təsir dairəsinə qaytarmaqdır. Lakin Tramp administrasiyasının bu cür oportunist və özünün deklarativ dəyərlərinə zidd olan sülh planını dəstəkləməsi böyük strateji səhvdir. Bu, ABŞ-nin beynəlxalq nüfuzuna ciddi zərbə vuracaq. Bu addım nə Ukraynanın, nə Avropanın, nə də qlobal təhlükəsizliyin maraqlarına xidmət edir.
— Bu “sülh planı” müharibəni dayandıra bilərmi və beynəlxalq reaksiyalar necədir?
— Qətiyyən yox. Ukrayna bu sazişi qəbul etməyəcək. Çünki bu sənəd sülh gətirmir, əksinə, Ukraynanın təslim olmasını rəsmiləşdirmək məqsədi daşıyır. Belə bir plan müharibəni dayandırmayacaq, əksinə, Ukrayna xalqının müqavimətini daha da gücləndirəcək. Ukrayna ərazi bütövlüyü bərpa oluna qədər mübarizə aparacaq. Avropa ölkələri də bu planı həm Ukrayna üçün təhqir, həm də Avropanın gələcək təhlükəsizliyi üçün risk hesab edir. Tramp administrasiyasının bu xaotik addımları nə bölgəyə sülh gətirəcək, nə də beynəlxalq nizamı sabitləşdirəcək.
Elmir Heydərli
12:52 21.11.2025
Oxunuş sayı: 2097