Ukrayna hərəkətə keçir: "Qarşıdakı aylarda..."
Ukrayna Silahlı Qüvvələrinin ABŞ şirkəti “Lockheed Martin Corporation” tərəfindən istehsal edilən ATACMS taktiki raket sistemlərindən birbaşa Rusiya ərazisinə qarşı istifadə etməsi beynəlxalq gündəmdə ciddi rezonans doğurub. Ukrayna Baş Qərargahının açıqlamasına görə, bu raketlər Rusiyadakı hərbi obyektlərə yüksək dəqiqliklə zərbələrin endirilməsi üçün effektiv şəkildə tətbiq olunub. Hadisə həm Ukraynanın öz suverenliyini müdafiə etməkdə qətiyyətini nümayiş etdirir, həm də müharibənin texnoloji-strateji dinamikasında yeni mərhələnin başlandığını göstərir.
Mövzu barədə hərbi ekspert Üzeyir Cəfərov Crossmedia.az-a bildirib ki, Ukrayna ordusunun ABŞ istehsalı ATACMS raket sistemlərindən istifadə edərək Rusiyaya zərbələr endirməsi yeni hal deyil, lakin prosesin indi daha sistemli və ardıcıl şəkildə həyata keçirilməsi diqqətdən qaçmır. Ekspertin sözlərinə görə, bu gün səhər saatlarında Voronej şəhərinə ATACMS-larla endirilən zərbələr, eləcə də Rusiyanın bir neçə digər hərbi obyektinin sıradan çıxarılması bu strategiyanın davamlı xarakter aldığını göstərir.
O, qeyd edib ki, artıq tərəflər münaqişənin daha kəskin mərhələsinə qədəm qoyublar:

“Rusiya Xarkovu kamikadze dronlarla, Odessanı raketlərlə hədəfə alır. Eyni zamanda Ukrayna Silahlı Qüvvələri də Bryansk, İngil, Voronej kimi şəhərlərə zərbələr endirir və bu siyahıya yeni hədəflər əlavə olunur. ATACMS balistik raketləri, Ukraynanın yerli istehsalı olan ‘Flamingo’ və digər raketlərlə birlikdə istifadə olunur və bu proses davam edəcək".
Ekspert bildirib ki, Ukrayna ordusu gələcək mərhələdə daha ağır silahlardan istifadə etməklə Rusiyanın hərbi və enerji infrastrukturunu zəiflətməyə çalışacaq:
“Ukrayna böyük itkilərə baxmayaraq, öz niyyətlərindən geri çəkilmir. Bu, onun haqqıdır — ərazi bütövlüyünü qoruyur. ABŞ-nin "Tomahawk" raketlərinin verilməsi ilə bağlı gecikməsi müəyyən problemlər yaratdı, lakin Ukraynanın müdafiə sənayesi bu müddətdə öz imkanlarını genişləndirdi".
Müsahibimiz vurğulayıb ki, Ukraynanın yerli istehsalı olan dron və raketlər Rusiya ordusuna ağır itkilər verib və bu proses gələcəkdə daha da intensivləşəcək:
“Ukraynaya Avropa ölkələri tərəfindən davamlı maliyyə dəstəyi göstərilir. Üstəlik, Ukraynanın SSRİ-dən miras qalmış hərbi sənaye kompleksi hazırda üç növbə əsasında fəaliyyət göstərir və ordunun tələbatını təmin edir. Qarşıdakı aylarda və hətta gələn ilin ilk yarısında tərəflər arasında raket və dron müharibəsi daha da şiddətlənəcək və münaqişənin yeni taktiki formaları ortaya çıxacaq".
Mehriban Yariyeva
20:41 19.11.2025
Oxunuş sayı: 4157