Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibini kim və niyə aradan götürmək istəyir? - Sensasiya
Ukraynanın siyasi gündəmini silkələyən korrupsiya qalmaqalı yeni mərhələyə keçib. Ölkənin Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovun Vətənə dönməkdən imtina etməsi barədə yayılan məlumatlar Kiyev siyasi elitasında ciddi rezonans yaradıb. Ukrayna mediasının iddiasına görə, Umerov bu barədə qərarını prezident Vladimir Zelenskiyə şəxsən çatdırıb və baş verənlər artıq həm rəsmi dairələrdə, həm də siyasi çevrələrdə geniş müzakirə mövzusuna çevrilib.
Yerli KİV-in yazdığına görə, yüksək vəzifəli məmura qarşı aparılan araşdırmalar fonunda Umerovun ABŞ-də olduğu güman edilir və o, burada həm özünün, həm də adı istintaqa düşən digər şəxslərin işilə bağlı mümkün hüquqi anlaşmalar axtarır. Bu situasiya ölkədə gedən siyasi proseslərin mahiyyətini və korrupsiya ittihamlarının miqyasını yenidən gündəmə gətirir.
Mövzu ilə bağlı politoloq Əziz Əliyev Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Məsələ, əslində, təqdim olunduğu kimi deyil. Ümumiyyətlə, müharibədə qəti qalibiyyət proqnozu artıq gündəmdə deyil; çünki hazırkı vəziyyət kifayət qədər qeyri-müəyyəndir. Üstəlik, zaman keçdikcə iri canlı qüvvələrin və genişmiqyaslı resursların iştirakı klassik döyüşləri tədricən əvəz edir. Bu qədər uzanan və ağır nəticələr doğuran müharibədə, təbii ki, həm hərbi, həm də siyasi qurbanlar olacaq. Hazırda isə xüsusilə Umerov vasitəsilə Zelenski və Yermak əleyhinə mövqe formalaşdırmağa çalışan dairələr görünür. Bu prosesdə həm ABŞ daxilində müəyyən qüvvələr maraqlıdır, həm də Rusiyanın ABŞ-dəkı təsir qrupları.
Xatırlayırsınızsa, Zelenskinin hakimiyyətdən uzaqlaşdırılması və Ukraynada siyasi dəyişiklik ehtimalı Tramp tərəfindən də zamanında gündəmə gətirilmişdi. Bununla belə, hələlik Yəhudi lobbisinin mövcud vəziyyəti dəyişməyə tam razı olmadığı görünür. Digər tərəfdən düşünürəm ki, Rusiyanın Ümirov barədə açıqlamalarının məqsədi Zelenski və onun komandasının müharibə strategiyasının formalaşmasına təsir göstərmək də ola bilər".
O, həmçinin Yaxın Şərqdəki münaqişə fonunda Ukraynaya ayrılan silah və maliyyə resurslarının həmin bölgədə ortaya çıxmasını əlavə suallar yaratdığını və bu sualların əksəriyyətinin hələ də cavabı olmadığını qeyd edib:
"Belə bir şəraitdə Umerov həm proseslərin içində olan, həm də Ukrayna məsələsinin arxa planını ən yaxşı bilən şəxslərdəndir. Elə buna görə də müxtəlif maraqlı tərəflər onun üzərində işləyir və onu hədəfə çevirirlər".
Elmir Heydərli
15:34 19.11.2025
Oxunuş sayı: 1417