Lavrovun "başı üzərindəki qara buludlar": Putin ona niyə cəzalandırıb?
Qərb mediasında Rusiya xarici işlər naziri Sergey Lavrovun vəzifəsindən azad edilməsi ilə bağlı yayılan xəbərlər beynəlxalq mediada geniş rezonans doğurub. Lakin Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bu məlumatları təkzib edilib. Açıqlamada bildirilir ki, Lavrov hazırda öz vəzifəsində fəaliyyətini fəal şəkildə davam etdirir və yayılan məlumatlar həqiqətə uyğun deyil. Kremlin sözçüsü vurğulayıb ki, bu kimi şayiələrə əhəmiyyət vermək lazım deyil və yaxın zamanda ictimai tədbirlərdə Lavrovun iştirakı bunu bir daha təsdiqləyəcək.
Rusiyalı nazirin "başının üzərindəki qara buludlar" barədə Crossmedia.az-a açıqlamasında politoloq Əhəd Məmmədli bildirib ki, yayılan xəbərlərin fonunda əsas diqqət ABŞ lideri Donald Trampın bəyanatına yönəlməlidir:
“O, bəyan etmişdi ki, Rusiya Ukraynanın 77 faizini işğal edib. Ağ Ev rəhbəri Donbasın Rusiyada qalması şərti ilə atəşkəs təklif etmişdi. Yəni o deyirdi ki, kim haradadırsa, orada da qalsın. Trampın bu çıxışından sonra baş verən hadisələr vəziyyəti daha da gərginləşdirib. ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı zamanı Lavrov Trampın bu fikrini qəti şəkildə rədd edib və bu da Trampı çox əsəbləşdirib. Bundan sonra Tramp Ukraynanı silahlandıracağını, dronlar və digər hərbi texnika göndərəcəyini bəyan edib. Bu isə Putini narazı salıb, çünki Lavrovun sərt mövqeyi Trampın Rusiya ilə danışıqları davam etdirmək maraqlarına zidd olub".
Ə.Məmmədli qeyd edib ki, belə vəziyyətlər avtoritar idarəetmə sistemlərində tez-tez müşahidə olunur:
“Avtoritar rejimlərdə bir şəxsin xoşuna gəlməyən məsələ baş verəndə, ona tabe olan hər hansı nazir və ya məmur asanlıqla kənarlaşdırıla bilər. İstər sultan, istər baş katib, istərsə də prezident olsun – fərqi yoxdur, nəticə eynidir. Bu, təkadamlı idarəetmə üsulunun təbiətidir".
Politoloq hesab edir ki, Lavrovun vəzifədən azad edilməsi ilə bağlı xəbərlərin təkzib olunması hələlik onun siyasi karyerasının bitmədiyini göstərir:
“Putin qəzəblənib ki, Lavrov niyə belə edib. Amma əgər Lavrov istefaya göndərilsəydi, bu barədə rəsmi məlumat verilərdi. Ola bilər ki, Putin onu sadəcə müvəqqəti cəzalandırmaq və başqalarına dərs olsun deyə kənarda saxlayıb. Lakin birinci şəxsin qəzəbi soyuyandan sonra Lavrov əvvəlki fəaliyyətinə davam edə bilər".
Müsahibimiz əlavə edib ki, belə sistemlərdə şəxsi münasibətlər hər şeyə təsir edir:
“Sən onun ən yaxın dostu da ola bilərsən, amma bir gün sonra Sultаn Süleyman dövründə olduğu kimi səni edam da etdirə bilər. Avtoritar idarəetmə üsulunda bu həmişə belə olub – fərqi yoxdur, XV əsrdə də belə idi, XXI əsrdə də belədir. Bir şəxsin idarə etdiyi sistemlərdə qərb və ya şərq fərqi yoxdur. Lavrovun istefaya göndərilməməsi Kremlin hələlik onun üzərindən tam xətt çəkmədiyini göstərir".
Mehriban Yariyeva
11:09 12.11.2025
Oxunuş sayı: 1489