Ukrayna Kremli vurur?- Sensasiya!
Son günlərdə Rusiya paytaxtı Moskvada təhlükəsizlik vəziyyəti yenidən gərginləşib. Paytaxt istiqamətində pilotsuz uçuş aparatlarının (PUA) hücumları ölkədə narahatlıq doğurub və hava məkanının müdafiəsi ilə bağlı məsələləri bir daha gündəmə gətirib. Moskva meri Sergey Sobyaninin məlumatına görə, bu dəfə paytaxt istiqamətində uçan iki PUA Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib. Hücum nəticəsində bəzi rayonlarda fövqəladə xidmətlər fəaliyyətə başlayıb, Jukovski hava limanı isə müvəqqəti olaraq bağlanıb.
Qeyd edək ki, bu, son günlərdə Moskva və ətraf bölgələrə edilən sayca ikinci PUA hücumudur. Dünən axşam saatlarından etibarən Rusiya Müdafiə Nazirliyi paytaxt və ətrafında 40-a yaxın pilotsuz aparatın vurulduğunu bildirmişdi. Bu hadisələr Ukrayna ilə Rusiya arasında davam edən hərbi qarşıdurmanın artıq dərin strateji ərazilərə sirayət etdiyini göstərir və Moskva üçün təhlükəsizlik risklərinin artdığını təsdiqləyir.
Hadisə həm regionda, həm də beynəlxalq miqyasda diqqətlə izlənilir, çünki bu cür hücumlar müharibənin coğrafiyasının genişlənməsi və qarşıdurmanın yeni mərhələyə keçməsi ehtimallarını artırır.
Bu barədə hərbi ekspert Ədalət Verdiyev Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Ukrayna Rusiya ərazilərinin dərinliyinə dron və raket zərbələri endirməklə müharibəni qarşı tərəfin ərazisinə köçürməyə çalışır. 2023-cü ildə Rusiyanın Kursk vilayətində Ukrayna belə bir əməliyyat həyata keçirərək təxminən bir ilə yaxın Rusiya ərazisində döyüşlər aparmışdı. Bu son 80 ildə iki dəfə idi ki, Rusiya ərazisində başqa bir ölkənin silahlı birləşmələri ərazi əldə etmişdi. Lakin qərbin silah-sursət tədarükündə yol verdiyi məhdudiyyətlər xüsusilə də verilən silahların Rusiya ərazisində istifadəsinə qoyulan məhdudiyyətlər Ukraynanın bu ərazilərdən təxminən bir il sonra geri çəkilməsi ilə nəticələndi. İndi qərbdə və silah tədarük edən digər ölkələrdə daha yaxşı başa düşürlər ki, Rusiya məğlubiyyətin dadılmayacağı təqdirdə nə atəşi dayandıracaq, nə də müharibəni bitirəcək. Ukrayna prezidentinin Silahlı Qüvvələr qarşısında qoyduğu vəzifələr arasında mülki obyektlərə zərbə endirilməsi nəzərdə tutulmur. İkili təyinatlı obyektlərə, enerji və neft infrastrukturlarına zərbələr endirilsə də, mülki əhaliyə və digər mülki obyektlərə zərbələrə rast gəlinmir. Rusiyadan fərqli olaraq, Ukrayna bu məsələdə daha həssas davranır".

O, Kremlə zərbələrdən də danışıb: "Kreml ətrafındakı bəzi obyektlərə zərbələr endirilib. Lakin Kremlin özünə birbaşa zərbə endirmək Rusiyanın analoji addım atması ilə nəticələnə bilər. Məncə, buna görə də hər iki tərəf ölkə rəhbərliyinin yerləşdiyi obyektləri vurmaq məsələsində müəyyən qədər təmkinli davranır".
Ekspert, həmçinin Ukraynanın bəzi yerli istehsal imkanlarının mövcud olduğunu lakin genişmiqyaslı müharibəni tamamilə özünün istehsalı olan silah-sursat və xüsusilə PUA-larla təmin edə biləcək səviyyədə olmadığını qeyd edib: "Qərbin göndərdiyi silahlar isə müəyyən məhdudiyyətlərlə verilir ki, bu da Ukraynanın bəzi əməliyyatlarda ciddi uğurlar əldə etməsinə mane olur".
Elmir Heydərli
13:02 28.10.2025
Oxunuş sayı: 1719