Tramp və Putin arasında Ukrayna ilə bağlı aparılan danışıqlar “ilan hekayəsinə” çevrilib - Ekspert
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə görüşün yalnız Rusiya-Ukrayna münaqişəsinin həlli üçün sülh razılaşması perspektivlərinə əmin olduğu zaman baş tutacağını bildirib."Biz razılaşma əldə edəcəyimizdən əmin olmalıyıq", - deyə ABŞ lideri Putinlə nə vaxt görüşməyə hazır olacağı ilə bağlı sualı cavablandırarkən bildirib.
Tramp Rusiya-Ukrayna münaqişəsində sülh prosesinin gedişatından məyus olduğunu vurğulayıb.
Bu, açıq - aydın Trampın Putin qarşısında şərt qoymasıdır. Sanki Ağ Ev rəhbəri dmeək istəyir ki, əgər danışıqlar masasına oturmursansa, məndən nə isə gözləmə.
Ağ Ev rəhbərinin səsləndirdiyi fikirlər barədə Crossmedia.az-a danışan türkiyəli politoloq Hüsaməttin İnaç bildirib ki, Tramp və Putin arasında Ukrayna ilə bağlı keçirilən görüşlər demək olar ki, tam bir “ilan hekayəsinə” çevrilib: “Çünki Alyaskada keçirilən sammit və ondan sonrakı proseslər olduqca mənfi nəticə verdi – Tramp burada Putindən istədiyini ala bilmədi. Tramp əsasən müəyyən “ərazi mübadiləsi” razılaşmasına getmək niyyətində idi. Yəni Putinin bəzi torpaqları geri qaytarması müqabilində Ukraynanın çox kiçik bir hissəsinin, o cümlədən Krımın – Rusiyaya buraxılması variantı müzakirə olunurdu. Lakin indiki mərhələdə Putin olduqca maksimalist bir siyasət yürüdür və Trampı çətin vəziyyətə salan bir taktika seçib”.

H. İnaç qeyd edib ki, cəbhədəki vəziyyətin gərginləşməsi fonunda ABŞ-nin Ukraynaya “TomaHawk” tipli raket sistemləri verməsi məsələsi gündəmə gəlib: “Bildiyiniz kimi, Tramp Oval kabinetdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş keçirib. Amma bundan öncə təcrübəli siyasətçi olan Putin Trampı zənglə arayaraq “10 yanvar” tarixində Budapeştdə görüş keçirməyə razı salıb. Putin bu görüşdə həm təhdid, həm də inandırma yolu ilə Trampa demişdi ki, əgər bu raketləri Zelenskiyə versən, bu artıq ABŞ–Rusiya, yaxud NATO–Rusiya müharibəsinə çevrilə bilər. Bu xəbərdarlıqlardan sonra Tramp "TomaHawk" raketlərini Ukraynaya verməyəcəyini açıqladı. Lakin bunun ardınca Putinin mövqeyi yenidən dəyişdi – o, daha çox genişlənmə, işğal və hücum siyasəti yeritməyə başladı. Bu da Trampı olduqca qəzəbləndirdi və nəticədə Rusiya əleyhinə daha fərqli və genişmiqyaslı sanksiyalar tətbiq olunmağa başladı”.
Ekspertin fikirlərinə görə, gələcək mərhələdə ABŞ-nin Hindistan və Çin də daxil olmaqla Rusiyadan neft alan ölkələrə qarşı da ciddi təzyiqlər göstərəcəyi gözlənilir: “Bütün bu proseslər fonunda Putinin “sülhə hazır olması” ifadəsi, əslində, onun danışıqlara açıq olması və xüsusən Xerson və Zaporojye bölgələrindən geri çəkilərək Donbasın yalnız bir hissəsi ilə kifayətlənməsi, Krımın isə Rusiyaya verilməsi ssenarisi ilə bağlıdır. Amma hazırda Putin belə bir danışıqlara meyilli görünmür. Çünki onun məqsədi Ukraynanın tam nəzarətini ələ keçirmək, ardınca Baltik və Şərqi Avropa ölkələrinə doğru genişlənməkdir. Məhz bu səbəbdən Polşa rəhbərliyi hesab edir ki, Türkiyə mümkün qədər tez Avropa İttifaqına üzv olmalıdır. Hətta bölgədə NATO-nun daxilində yeni bir ittifaqın – Polşa, Çexiya, İsveç, Norveç, Finlandiya və Türkiyənin daxil olduğu təhlükəsizlik bloku yaradılması fikri də gündəmə gəlib. Bütün bu hadisələr Putinin əslində sülhə açıq olmadığını, yalnız Ukraynanı deyil, həm də bütün Avropanı təhdid etdiyini açıq şəkildə göstərir”.
Türkanə Məşədiyeva
13:42 27.10.2025
Oxunuş sayı: 1852