TDT çərçivəsində Azərbaycanın təşəbbüsləri türk birliyini möhkəmləndirir - Deputat
Türk dövlətləri daim ikitərəfli və çoxtərəfli platformalarda bir-birilərini dəstəkləyirlər. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci Toplantısında deyib.
Onun sözlərinə görə, ortaq türk kimliyi, mədəni ənənələr və mənəvi dəyərlər, eləcə də ölkə rəhbərləri arasında qarşılıqlı etimad və dostluq münasibətləri, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da güclənməsi üçün möhkəm təməl yaradır: "Türk dövlətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına verdiyi dəstək, təhsil və sosial infrastrukturun yenidən qurulması istiqamətində atdığı addımlar qardaşlıq həmrəyliyinin və ortaq dəyərlərimizin təcəssümüdür. Eyni zamanda, Azərbaycanın Türk dövlətlərində həyata keçirdiyi sosial layihələr və mədəni təşəbbüslər qardaş ölkələr arasında dostluğun, qarşılıqlı etimadın və Türk dünyasında birliyin möhkəmlənməsinə xidmət edir".
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib ki, TDT-nin yaranması, formalaşması və bugünkü fəaliyyəti çərçivəsində Azərbaycanın iştirakı kifayət qədər önəmlidir: “İlk olaraq, onu xüsusilə etmək istəyirəm ki, Türk Dövlətləri Təşkilatının (TDT) yaranması, formalaşması və bugünkü formatda, fəaliyyətində Azərbaycanın rolu kifayət qədər böyükdür.
Məlumdur ki, Naxçıvanda 2009-cu ildə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan təsisçiliyi ilə formalaşan Türk Dövlətlər Birliyi bugün artıq əhəmiyyətli bir təşkilat olaraq, dövlətlərin birliyi olaraq fəaliyyət göstərməkdədir.
Çoxqütblü dünya formatında bugün artıq formalaşan Türk Dövlətlər Təşkilatı, dünyanın əsas qütblərindən birinə çevrilməkdədir. Əsas hədəflərdən biri də əslində ilə budur ki, Türk Dövlətlər Təşkilatı gələcəkdə də dünyanın əsas qütblərindən biri olaraq mövcudluğunu davam etdirsin. Təşkilat daxilində təbii ki, bu illər ərzində çox böyük uğurlar əldə olunub. Türk dövlətlərinin həm siyasətlərinin, həm strategiyasının birgə müəyyənləşməsi, birgə fəaliyyət, bir çox sahələr üzrə münasibətlərin, əməkdaşlığın dərinləşməsi, eyni zamanda, iqtisadi sahədə də dövlətlər arasında münasibətlərin genişlənməsinə rəvac veribdir. Təbii ki, iqtisadi münasibətlər, ticari münasibətlər, dövlətlərarası münasibətlər məsələsində prioritetdir. Azərbaycanın özünün də bir sıra prioritetləri vardır və xüsusilə də Orta Dəhliz kommunikasiya qovşaqlarının formalaşmasında da bugünkü fəaliyyətində də Türk Dövlətlər Təşkilatı olduqca önəmli rol oynamaqdadır”.
Deputat bu təşkilatda Azərbaycanın rolundan danışıb: “Azərbaycan əsas aparacı ölkə olaraq yerləşdiyi coğrafi məkana görə və iqtisadi imkanlarına, logistika imkanlarına görə də bu prosesdə kifayət qədər önəmli rol oynayır. Gələcəkdə açılması gözlənilən Zəngəzur dəhlizi də yenə də bu coğrafiyadan keçir. Çindən, Orta Asiyadan, Azərbaycan, Türkiyə üzərindən keçməklə Avropaya çıxış imkanlarını genişləndirmək baxımından da logistika imkanlarının genişlənməsi Azərbaycanın eləcə də digər türk dövlətlərinin və bütünlükdə TDT-nin önəmini artırmış olur”.
A.Əlizadə Azərbaycanın prioritetlərini də vurğulayıb: “Təbii ki, hər ölkənin özünün prioritetləri olduğu kimi Azərbaycanın da və təşkilat daxilində də özünün iqtisadi sahədə də prioritetləri vardır. Azərbaycan prezidentinin andiçmə mərasimində, fevralın 14-də qeyd etdiyi kimi, bizim ailəmiz türk ailəsidir və TDT çərçivəsində də türk dövlətləri ilə müxtəlif sahələr üzrə,
eyni zamanda, iqtisadi sahədə əməkdaşlığın genişlənməsi təbii ki, bizim prioritet istiqamətlərimizdən birincisidir. Təşkilat daxilində iqtisadi münasibətlərin dərinləşməsində, bir sıra ticari, iqtisadi əməkdaşlıq mexanizmləri də formalaşmışdır.
Məsələn, hələ 2022-ci ildə Türk İnvestisiya Fondu yaradıldı, o zaman Səmərqənddəki 9-cu zirvə toplantısında və ilkin 500 milyon dollar formalaşmış təşkilat bu yöndə uğurla fəaliyyətini davam etdirməkdədir. Eyni zamanda, Türk Ticarət və Sənayi Palatası da formalaşmışdır ki, bu da TDT-nin başçılarının şurasının bilavasitə tapşırığı ilə qurulmuş əsas iqtisadi əməkdaşlıq mexanizmlərindən biridir. Məqsəd də üzv dövlətlər arasında davamlı biznes proqramlarının və layihələrin hazırlanması və həyata keçirilməsidir. Yəni iqtisadi sahədəki prioritetlər danılmazdır və bugünkü dünya çapında reallıqlar nəzərə alınmaqla dövlətlərin iqtisadi gücünün artırılması da təbii ki, dövlətlərin siyasi-hərbi güclərində artırılması üçün bir vasitədir.
Bu baxımdan, ticari əlaqələrin, iqtisadi əməkdaşlığın genişlənməsi türk dövlətləri ilə yanaşı, Azərbaycan üçün də əsas prioritet məsələlərdən biridir”.
O Azərbaycanın təşkilata sədrliyindən də danışıb: “O da məlumdur ki, Azərbaycan hazırda Türk Dövlətlər Təşkilatının dönəm sədridir. Bu ilin oktyabr 7-də, Qəbələdə 12-ci zirvə toplantısında sədrlik Qırğızıstandan Azərbaycana keçmişdir. Azərbaycan növbəti bir il ərzində təşkilata sədrlik etməklə, eyni zamanda, türk dövlətləri arasındakı iqtisadi münasibətlərin bir qədər də dərinləşməsi istiqamətində öz tövbəsini verəcək. Azərbaycan Prezidentinin TDT-nin təmsil olunan ölkələrinə səfərləri və sonuncu Qazaxıstan səfərində imzalanmış sənədlər və bir sıra məsələlər üçün əldə edilmiş razılaşmalar da onu deməyə əsas verir ki, dövlət başçıları iqtisadi sahəyə kifayət qədər ciddi önəm verirlər. Biz təbii ki, onun da fərqindəyik ki, iqtisadiyyatımız nə qədər güclənirsə, ölkələrin təbii ki, Azərbaycanın da iqtisadi imkanları nə qədər yüksək olursa, bir o qədər də dövlət siyasətini, bu reallıq dünya çapında Azərbaycanın siyasi mövqələrinin güclənməsinə də nail olmuş oluruq. 2020-ci ildə II Qarabağ savaşında əldə etdiyimiz uğur və bu, regionda yeni reallıqların Azərbaycanın öz gücünə formalaşdırılması da Azərbaycanın önəmini artırıb. Təbii ki, növbəti dönəmdə də yeni kommunikasiya qovşaqlarının yaradılması, eləcə də bu gün fəaliyyət göstərən kommunikasiya qovşaqları vasitəsilə malların daşınması və digər məsələlər həcm etibarilə artdıqca, Türk Dövlətləri Təşkilatında təmsil olunan ölkələr arasında münasibətlərin genişlənməsi ilə təşkilata yeni imkanlar tanınmış olacaq. Bizim əsas prioritetlərimizdən biri də ondan ibarətdir ki, dövlətlər arasında münasibətlər bir qədər də dərinləşsin. Siyasi sahədə olduğu kimi, iqtisadi sahədə, eləcə də digər platformalarda münasibətlərin inkişafı Türk Dövlətləri Təşkilatının nüfuzunu daha da artıracaq”.
Günel Verdiyeva
17:40 25.10.2025
Oxunuş sayı: 1076