Putin Trampı necə aldadır?: Artıq üçüncü dəfədir ki…- Sensasional açıqlama
ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin dayandırılması ilə bağlı razılaşmaların əldə olunmasının vaxtının çatdığını bəyan edib.
"Mən deyərdim ki, artıq razılaşma əldə etməyin vaxtıdır", - deyə Tramp vurğulayıb.
Rusiya tərəfinin münaqişənin həllinə hazır olub-olmadığı ilə bağlı sualı cavablandıran Tramp bildirib: "Dürüstlük baxımından deyə biləcəyim yeganə şey budur ki, hər dəfə Rusiya Prezidenti Vladimir (Putin - red.) ilə danışanda söhbətlər yaxşı olur, amma sonra heç bir nəticə vermir. Sadəcə olaraq heç bir nəticə olmur".
Münaqişə tərəflərindən danışarkən Tramp vurğulayıb: "Bunlar iki çox səriştəli tərəfdir".
Məlum olduğu kimi, rəsmi Vaşinqton uzun müddətdir ki, Şərqi Avropadakı müharibəyə son qoymaq üçün çalışır. Buna baxmayaraq, onun iddiasının real nəticələrini görmürük. İndi onun səsləndirdiyi fikirlər isə diqqət çəkir. Məgər savaşın bitmə vaxtı elə indidir? Bəs bu zamana qədər olanlar?
Politoloq Elçin Xalidbəyli Trampın səsləndirdiyi fikirlər barədə Crossmedia.az-a danışıb.

O bildirib ki, Trampın Rusiya- Ukrayna müharibəsini dayandıra bilməyəcəyi artıq məlum olur: ‘’Çünki Trampın Ukrayna müharibəsinə yanaşma tərzi kökündən yanlışdır. Tramp hesab edir ki, Putin və Rusiya ilə danışıqlar aparmaq mümkündür. Bu danışıqlarda siyasi, diplomatik anlaşmaların real nəticələr verə biləcəyini düşünür. Ancaq bu, Trampın ən böyük səhvidir. Bütün tarix boyu Rusiya və onun liderləri ilə aparılan hər hansı danışıqların real nəticə vermədiyi sübut olunub. Müasir Rusiya neointeralist dövlət olduğuna görə bu dövlət yalnız öz maraqlarından başqa heç bir kənar marağı və ya şərti qəbul etmir. Putin danışıqlar mövzusunu gündəmə gətirməklə sadəcə zaman qazanmağa çalışır. Qazanılmış zamanı isə cəbhə bölgəsində üstünlük qazanmaq və danışıqlar masasında daha sərt şərtlər irəli sürmək məqsədilə istifadə edir. Tramp, nəhayət, bu reallığı anlamalıdır. Rusiyaya qarşı daha sərt iqtisadi və ticarət sanksiyaları tətbiq edilməlidir. Ukraynaya maksimum səviyyədə hərbi dəstək verilməlidir. Bununla da Rusiya həm savaş meydanında, həm də iqtisadi sahədə ağır zərbələr almalıdır. Yalnız bundan sonra Rusiya beynəlxalq hüquq normaları çərçivəsində davranmaq məcburiyyətində qala bilər’’.
Politoloq bildirib ki, əks halda nə Tramp, nə də başqa bir beynəlxalq güc Rusiyanı atəşkəsə və ya sülhə razı sala bilər: ‘’Bu baxımdan Trampın Ukrayna savaşını dayandıra biləcəyi qətiyyən inandırıcı görünmür. Nəticənin olmamasının əsas səbəbi Rusiyanın danışıqlara hazır olmamasıdır. Danışıqlar dedikdə Rusiya bunu anlayır: Kreml şərtləri irəli sürəcək və qarşı tərəflər – Ukrayna və Qərb – həmin şərtləri qəbul edəcək. Rusiya üçün danışıqların məzmunu məhz bundan ibarətdir. Yəni Rusiya başqa formatda danışıqlar anlayışını qəbul etmir. Buna görə də Rusiya bu danışıqlara savaş meydanında məğlub olana qədər heç vaxt hazır olmayacaq. Rusiyanın danışıqlara hazır olması üçün onun savaş meydanında məğlub olması və iqtisadiyyatının çökdürülməsi lazımdır. Yalnız bundan sonra Rusiya anlayacaq ki, bütün dünya beynəlxalq hüquq normaları çərçivəsində idarə olunmalıdır və Rusiya da buna tabe olmalıdır. Putinin sözlərinə gəldikdə isə, təbii ki, Putin indiki siyasi-diplomatik vəziyyətdən tamamilə məmnundur. Çünki “danışıqlar yaxşı gedir, ancaq nəticə yoxdur” demək, danışıqların Rusiya üçün, həqiqətən də, yaxşı getdiyini göstərir’’.
Müsahibimiz vurğulayıb ki, bu baxımdan vəziyyət Rusiya üçün əlverişlidir: “Putin artıq üç dəfə Trampı aldatmağı bacarıb. Üç dəfə ABŞ-nin Rusiyaya qarşı sanksiya tətbiqi təhlükəsini yayındıra bilib. Fevral ayında “Tramp–Putin anlaşması” mövcud idi, lakin apreldə Rusiya onu pozdu. Sonrakı mərhələdə Alyaska görüşü sayəsində Rusiya zaman qazanmağa nail oldu və Trampı ikinci dəfə aldatdı. Nəhayət, üçüncü dəfə bir neçə gün öncə – Ukraynaya uzaqmənzilli raketlərin göndərilməsi və Rusiyaya qarşı sərt iqtisadi sanksiyaların tətbiqi ərəfəsində Putin Trampa zəng edərək onu yenidən aldatmış oldu. Beləcə, proses yenə uzandı. Macarıstanda guya görüş keçirilməli idi, lakin görünür, bu görüş də baş tutmayacaq. Putin üçün bu danışıqlar prosesi tamamilə uğurludur. Çünki o, hər dəfə Trampa zəng edir, onunla görüşür və onu aldatmaqla Rusiyaya qarşı ABŞ təzyiqlərini yumşalda bilir. Putinin dediyi sözlərin arxasında bu məmnunluq durur’’.
Zeynəb Xuduyeva
22:15 23.10.2025
Oxunuş sayı: 2550