Avropa iqtisadi baxımdan ABŞ və Çin qarşısında strateji asılılıq riski ilə üzləşir - Ekspert

Almaniya Kansleri Fridrix Merts ölkə parlamentində çıxış edərkən "Avropa rəqabət qabiliyyətini tezliklə bərpa etmək üçün hərəkət etməzsə, o, qlobal iqtisadi nəhənglərin ABŞ və Çinin əlaltısına çevriləcək və müstəqilliyini itirəcək" deyə qeyd edib.
Merts gələn həftə Brüsseldə keçiriləcək Avropa liderləri sammiti ərəfəsində bloku ciddi iqtisadi islahatlara başlamağa çağırıb, əks halda təşkilatın qlobal əhəmiyyətini itirmək təhlükəsi ilə üz-üzə qalacağını bildirib.Bu bizim ölkəmizin və Avropa ölkələrinin gələcəyi üçün həyati önəmlidir, çünki qarşıdakı həftələrdə, aylarda və bəlkə də bir neçə il ərzində qərar veriləcək: Avropa qlobal iqtisadiyyatda müstəqil güc olaraq qalacaq, yoxsa Asiya və Amerika kimi böyük iqtisadi mərkəzlərin əlaltısına çevriləcək”, – Merts vurğulayıb.
Mövzu ilə bağlı siyasi şərhçi Nigar Allahverdiyeva Crossmedia.az -a açıqlama verib:
"Almaniya Xristian Demokrat İttifaqının lideri Fridrix Mertsin son açıqlamaları Avropanın iqtisadi gələcəyi ilə bağlı ciddi narahatlıqları gündəmə gətirib. Əgər Avropa yaxın illərdə dərin struktur islahatlarına başlamasa, ABŞ və Çin təsiri qitənin strateji sahələrində daha da güclənə bilər. Mertsin xəbərdarlığı real vəziyyəti əks etdirir. "Texnologiya və rəqəmsal iqtisadiyyat sahəsində Avropanın geriləmə riski artmaqdadır. ABŞ süni intellekt, yarımkeçiricilər və rəqəmsal infrastrukturda liderliyini qoruyarkən, Çin dövlət dəstəyi hesabına bu istiqamətlərdə sürətlə irəliləyir.
Avropa isə hələ də “rəqəmsal suverenlik” konsepsiyasını formalaşdırmaqda çətinlik çəkir. Bu isə qitəni xarici texnologiyalardan asılı vəziyyətə sala bilər".
Ekspert bildirib ki, Maliyyə və kapital bazarları da Avropa üçün zəif həlqələrdən biri sayılır: "ABŞ-ın “Wall Street” kimi maliyyə mərkəzləri qlobal kapital axınını cəlb edərkən, Avropa şirkətləri innovativ layihələrə maliyyə tapmaqda çətinlik çəkirlər. Bu vəziyyət qitənin texnoloji inkişaf tempinə birbaşa təsir göstərir. Sənaye və istehsal sektorlarında da oxşar mənzərə müşahidə olunur. ABŞ və Çin dövlət dəstəkli sənaye siyasətləri ilə bazarlarını qoruyur, Avropa isə enerji xərclərinin artması və tənzimləmələrin çoxluğu səbəbindən rəqabətdə geri qalır. Bu, istehsal gücünün digər regionlara ötürülməsi riskini artırır. Enerji təhlükəsizliyi və iqlim texnologiyaları da diqqət mərkəzindədir. Çin günəş panelləri, batareyalar və yaşıl enerji texnologiyalarında lider mövqeyini qoruyur. Avropa yaşıl keçid siyasətini davam etdirsə də, istehsal baxımından Çin məhsullarından asılılığı artır. Bu isə uzunmüddətli perspektivdə enerji müstəqilliyini zəiflədə bilər".
Siyasi şərhçi bildirir ki, Almaniya və Fransa nüvəsi ətrafında formalaşacaq yeni iqtisadi əməkdaşlıq modeli qitənin sənaye və maliyyə sabitliyini təmin edə bilər: "Bundan əlavə, Mərkəzi və Şərqi Avropa ölkələrinin enerji və infrastruktur blokları yaratması da inteqrasiyanın dərinləşməsinə təkan verə bilər. Rəqəmsal Avropa” ideyası da bu istiqamətdə mühüm addım ola bilər. "Süni intellekt, kibertəhlükəsizlik və məlumatların qorunması sahələrində vahid standartların müəyyənləşdirilməsi ABŞ və Çin texnoloji platformalarına alternativ formalaşdırmağa imkan verə bilər. Avropada milli maraqların fərqliliyi, bürokratik əngəllər və məhdud investisiya resursları bu prosesləri ləngidə bilər. ABŞ və Çin iqtisadi diplomatiya vasitəsilə Avropa daxilində parçalanmanı dərinləşdirməyə çalışa bilər. Fridrix Mertsin bəyanatı Avropanın iqtisadi gələcəyinə dair strateji xəbərdarlıq kimi qiymətləndirilir. İslahatların təxirə salınması qitəni qlobal güclər qarşısında daha asılı vəziyyətə sala bilər, daxili inteqrasiyanın gücləndirilməsi isə həm iqtisadi rəqabət üstünlüyü, həm də siyasi müstəqillik baxımından yeni imkanlar aça bilər".
Mehriban İbrahimli
19:37 17.10.2025
Oxunuş sayı: 1177