Azərbaycan mətbuatının və televiziyasının əsas mövzularından biri Qarabağdır- Professor

Azərbaycan mediasının gündəmində son illərin ən mühüm mövzularından biri — Qarabağın dirçəlişi və bərpasıdır. İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri, yeni infrastruktur layihələri və doğma torpaqlara qayıdış prosesi bu gün həm televiziya kanallarının, həm də yazılı mətbuatın diqqət mərkəzindədir. Qarabağın bərpası ilə bağlı çoxsaylı materiallar təqdim olunsa da, bu istiqamətdə daha ardıcıl və dərin analitik yanaşmaya ehtiyac var. Bu da göstərir ki, Qarabağ mövzusu təkcə informasiyanın ötürülməsi deyil, həm də milli şüurun formalaşmasında əsas istiqamətlərdən biri olmalıdır.
Mövzu ilə bağlı professor Qulu Məhərrəmli Crossmedia.az-a açıqlama verib:
“Həqiqətən də, Qarabağın dirçəldilməsi, orada aparılan yenidənqurma və bərpa işləri, yeni layihələrin həyata keçirilməsi bu gün Azərbaycan mətbuatının və televiziyasının əsas mövzularından biridir. Demək olar ki, hər gün bu barədə qəzet səhifələrində, radioda və televiziya xəbərlərində xüsusi reportajlar təqdim olunur. Bu, çox təqdirəlayiq haldır. Çünki cəmiyyət bilməlidir ki, Azərbaycan hökuməti işğaldan azad olunmuş ərazilərdə hansı böyük layihələri gerçəkləşdirir. Lakin burada bir məsələ diqqəti cəlb edir — materiallar kifayət qədər çox olsa da, media bu mövzunu hər zaman sistemli şəkildə işıqlandıra bilmir. Bəzən bir dəfə geniş material təqdim olunur, lakin bir neçə gün və ya həftə ərzində həmin mövzuya qayıdılmır. Daha sonra yenidən fərqli və iri həcmli yazılar dərc edilir”.
Q.Məhərrəmli qeyd edib ki, bu istiqamətdə daha ardıcıl və planlı iş aparılmalıdır: “Çünki hökumətin həyata keçirdiyi tədbirlər, bölgələrdə görülən quruculuq işləri həm diqqətəlayiq, həm də cəmiyyətin maraq dairəsində olan məsələlərdir. Üstəlik, dövlət başçısının həmin ərazilərə səfərləri, yeni yaşayış məhəllələrinin istifadəyə verilməsi kimi hadisələr də xüsusi təntənə ilə təqdim olunur. Amma ən arzuolunan cəhət odur ki, bu mövzular mediada daha sistemli və müxtəlif janrlarda işıqlandırılsın. Yəni xəbərlər, analitik yazılar, publisistik materiallar, xüsusilə də insan talelərindən bəhs edən, kövrək məqamları əks etdirən reportajlar hazırlanıb təqdim edilsin. Belə olduqda biz tam inamla deyə bilərik ki, Qarabağda aparılan quruculuq və bərpa işləri həm real həyatda, həm də informasiya məkanında sistemli və düşünülmüş şəkildə əksini tapır”.
Ayhan
20:49 16.10.2025
Oxunuş sayı: 1340