Rusiya Türkiyəni hədələyib?: Daxili və xarici qüvvələr...

Son günlər mediada Rusiya Prezidenti Vladimir Putinin Türkiyəni guya təhdid etməsi ilə bağlı iddialar geniş müzakirələrə səbəb olub. Lakin rəsmi Ankara bu məlumatların həqiqətə uyğun olmadığını bəyan edib.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik jurnalistlərə açıqlamasında bildirib ki, yayılan məlumatlar tamamilə əsassızdır və müxalifət tərəfindən uydurulmuş dezinformasiyadır. Onun sözlərinə görə, bu kimi dedi-qodular beynəlxalq miqyasda da ciddi qəbul edilmir və yalnız siyasi manipulyasiya məqsədi daşıyır.
Rəsmi mövqedən görünür ki, Ankara Rusiya ilə münasibətlərə strateji tərəfdaşlıq və qarşılıqlı hörmət prinsipləri çərçivəsində yanaşır və əsassız iddiaların bu münasibətləri zədələməsinə imkan vermək niyyətində deyil.
Məsələ ilə bağlı siyasi şərhçi Pərviz Mirizadə öz fikirlərini Crossmedia.az-a bölüşüb:
"Qardaş Türkiyə və Rusiya arasında dövlətlərarası münasibətlərin əhatə dairəsi olduqca geniş və çoxşaxəlidir. Tərəflər enerji, turizim, kənt təsərrüfatı, müdafiə kimi bir çox aparıcı sahələrdə sıx əməkdaşlıq edirlər. Hər iki ölkə qlobal proseslərin də aparıcı aktorlarından olduğu üçün regional məsələlərdə üst səviyyədə məsləhətləşmələr həyata keçirirlər. Təbii ki, Moskva və Ankaranın maraqları, xüsusilə, regional siyasətləri bir çox hallarda uzlaşmır və tərəflərin rəqabət etdiyinin şahidi oluruq. Bu kontekstdə, hər iki ölkə arasındakı münasibətləri zədələnməyə çalışan daxili və xarici qüvvələr kifayət qədərdir".
Siyasi şərhçi həmçinin qeyd olunan əşəbbüslərin həm Türkiyə, həm də Rusiya tərəfdən müşahidə olunduğunu qeyd edib:
"Buna görə də, Türkiyə müxalifətinin irəli sürdüyü ittihamlar məhz həmin məqsədlərə xidmət edir. Eyni zamanda hakim partiyanın nüfuzunu aşağı salmağa hesablanıb. Hesab edirəm ki, bu tip əssasız yanaşmalar Moskva və Ankara arasında diplomatik əlaqələrə xələl gətirəcək səviyyədə deyil".
Elmir Heydərli
19:34 15.10.2025
Oxunuş sayı: 1689