Rusiya üçün həlledici aylar başlayır: Müharibənin bitməsi barədə qərar verilməsə..

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı işğal olunan Krımda neft terminalına zərbəni təsdiqləyib.
"Oktyabrın 13-nə keçən gecə müvəqqəti olaraq işğal edilmiş Feodosiyada "Dəniz neft terminalı" müəssisəsinə təkrar zərbə endirildiyi təsdiqlənib", - mətbuat xidməti bildirib.
Həmçinin Baş Qərargahdan bildirilib ki, neft terminalına zərbə nəticəsində 16 çən zədələnib. Müəssisənin ərazisində böyük yanğın baş verib.
Bundan əlavə, daha bir neçə hədəf Xerson vilayətinin işğal olunmuş ərazisində dronların idarəetmə məntəqəsi və Donetsk vilayətinin Makeyevka rayonunda sursat anbarı vurulub.
Bu hadisə Ukraynanın işğal olunmuş ərazilərdə hədəfli əməliyyatlar apara bildiyini göstərir və hərbi gərginliyin davam etdiyini sübut edir. Eyni zamanda, neft terminalına zərbə enerji və iqtisadi infrastruktura ciddi təsir göstərə bilər. Hadisələr regionda təhlükəsizlik vəziyyətinin hələ də gərgin olduğunu göstərir.
Proseslərin mümkün inkişafı barədə hərbi ekspert Üzeyir Cəfərov Crossmedia.az-a danışıb
O, Ukrayna silahlı qüvvələrinin Krımdakı strateji obyektlərə zərbələr endirdiyini, lakin Rusiya artıq neft satdığı ölkələrdən benzin aldığını bildirib: "Ukrayna Silahlı Qüvvələri ilk dəfə deyil ki, Rusiyanın Krımdakı strateji mövqelərinə zərbə endirib. Bir neçə dəfə Kerç körpüsünə, Krım körpüsünə zərbələr endirilmişdi. Elə ciddi dağıntılar olmasa da, körpüdə bir müddət hərəkət məhdudlaşdırılmış, bəzi yerlərdə isə dayandırılmışdı. İndi də Krımdakı neft terminalına zərbələr endirilib. Bildiyim qədər Feodosiyada artıq bir neçə gündür, yanan neft terminalı dünən səhər saatlarına qədər hələ yanıb qurtarmamışdı. Bu zərbələr davam edəcək. İREM və Tomahawk qanadlı raketləri, əlbəttə ki, vəziyyətə çox ciddi təsir göstərəcək. Zərbələr davam edir".
Müsahibimiz diqqətə çatdırıb ki, Rusiya artıq neft satdığı ölkələrdən, o cümlədən Çindən, Hindistandan benzin alır: "Rusiya bu gün çox böyük çətinliklərlə baş-başadır. Təkcə Krımdakı neft terminalı deyil, digər strateji obyektlərə də zərbələr bu ayın içərisində daha da sürətlənəcək. Xüsusilə ona görə ki, İREM raketlərinin tədarükü sürətlənir. Rusiyanın vəziyyəti get- gedə daha acınacaqlı fazaya keçir. Rusiya müharibənin dayanması ilə bağlı hansısa bir qərar verməsə, daha ağır, faciəli durumla üzləşəcək".
Ülvi Zahidov
14:45 15.10.2025
Oxunuş sayı: 1541