Fransa yaxın gələcəkdə xaosa sürüklənməyə davam edəcək - AÇIQLAMA

Fransada Baş nazir Sebastien Lekornu vəzifələrini yerinə yetirməsində qarşılaşa biləcəyi çətinliklərə görə ehtiyatlı olduğunu açıqlayıb. Həftəlik "La Tribune Dimanche" nəşrinə verdiyi müsahibədə Lekornu bildirib ki, hökumətə rəhbərlik etdiyi dövrdə şərait uyğun olmadığından istefa verib və əgər şərtlər yenidən düzəlməsə, vəzifədən getməkdən çəkinməyəcək. O, həmçinin vacib olmayan məsələlərə vaxt sərf etmək niyyətində olmadığını vurğulayıb. Bu açıqlama Fransada siyasi stabillik və hökumət rəhbərliyinin effektivliyi ilə bağlı yeni suallar doğurur.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, hazırda Fransa dərin siyasi-iqtisadi böhrana doğru irəliləyir. “Afrikanı itirmiş Fransa müstəmləkə altında saxladığı dövlətlərin təbii sərvətlərini talamaq imkanını itirməkdədir və buna görə də ölkə iqtisadiyyatı ucuz xammal mənbəyindən məhrum olur. Bu səbəbdən Fransa iqtisadiyyatında çöküş mərhələsi başlanmış kimi görünür ki, bu da sosial-iqtisadi və siyasi böhrana gətirib çıxarır".
Elçin Xalidbəyli qeyd edib ki, hazırda prezident Makron hakimiyyətinin nüfuzu ən aşağı səviyyədədir və parlamentin buraxılması belə tələb olunur. “Əvvəlki hökumətlərin istefası da əsasən siyasi-iqtisadi böhranla bağlı idi. Yəni Fransa hökuməti bundan sonra da siyasi-iqtisadi böhrandan çıxmaqda çətinlik çəkəcək. Baş nazirin hökumət üçün uyğun şərait tələb etməsi tam başa düşüləndir, amma bu şərait daha çox iqtisadi faktorlarla bağlıdır. Ölkə iqtisadiyyatı artıq talan edilmiş xammalla təmin olunmur. Bu baxımdan iqtisadi-siyasi böhran qaçılmazdır və Fransa yaxın gələcəkdə tələtümlü xaosa doğru sürüklənən vəziyyətlə üzləşməyə davam edəcək".
Mehriban Yariyeva
15:23 13.10.2025
Oxunuş sayı: 2083