Rusiya "sülh"dən danışır, müharibə aparır- Nonsens

Kremlin sözçüsü Dmitri Peskov “Rossiya 1” telekanalına müsahibəsində deyib ki, Rusiya Ukraynada davam edən müharibənin sülh yolu ilə həllinə hazır olduğunu bəyan edib. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp da tərəfləri danışıqlar masası arxasına çağırır, lakin Avropa İttifaqı (Aİ) və Kiyev bu təşəbbüsə cavab vermir.
Rusiya rəsmiləri, o cümlədən Peskov özü dəfələrlə oxşar açıqlamalar verib. Lakin əməldə Rusiya sülhə yaxın durmur. Bunun ən bariz nümunəsi odur ki, Moskvanın Kiyev qarşısında irəli sürdüyü şərtlər kapitulyasiya aktı deməkdir. Bu, heç də sülhün tərəfdarı olan aktorun ritorikası deyil.
Peskovun səsləndirdiyi fikirlər barədə politoloq Əhəd Məmmədli Crossmedia.az-a açıqlama verib: "Moskvanın irəli sürdüyü şərtləri Kiyevin indiki vəziyyətdə qəbul etməsi qeyri-mümkündür. Rusiya nəinki işğal etdiyi ərazilərdən imtina etmir, həm də işğal olunmamış bəzi bölgələri də öz konstitusiyasına referendum yolu ilə daxil edərək tələb edir. Bu, Rusiyanın siyasi oyununun tərkib hissəsidir. Müharibə edən heç bir tərəf açıq şəkildə "müharibə istəyirəm" demir. Məsələn, İsrailin Qəzzadakı hərəkətləri də dünyada “sülh adı altında zorakılıq” kimi dəyərləndirilir. Rusiya da eyni yanaşmadan istifadə edərək öz addımlarını sülh təşəbbüsü kimi təqdim etməyə çalışır. Kreml əslində atəşkəsə ehtiyac duyur, lakin bu ehtiyacı açıq şəkildə göstərmir. Moskva çalışır ki, Kiyevi öz şərtlərini qəbul etməyə məcbur etsin və müharibəni daxili auditoriyası qarşısında uğurlu nəticə kimi təqdim etsin. Əks halda, Rusiyada “bu qədər itki və dağıntı niyə baş verdi?” sualları yaranacaq".
Onun sözlərinə görə, hazırda Ukrayna güclü müqavimət göstərir, Qərb ölkələri isə Kiyevə hərbi və siyasi dəstəyi davam etdirir: "Rusiya isə Aİ Ukraynaya silah tədarükünə son qoymağa çağırır və yalnız bu halda danışıqların mümkün ola biləcəyini bildirir. Lakin nə Ukrayna, nə də Aİ hazırda Kremlin bu şərtlərini qəbul etməyə hazır görünür".
Nastya Qəniyeva
12:34 13.10.2025
Oxunuş sayı: 3377