Sosial şəbəkələrdə yaş məhdudiyyəti azyaşlıların istismar hallarının azaldılması üçün vacibdir- Təklif

Müasir dövrdə sosial şəbəkələr təkcə ünsiyyət vasitəsi deyil, həm də həyat tərzinin ayrılmaz hissəsinə çevrilib. Lakin bu rəqəmsal aləmin imkanları ilə yanaşı, xüsusilə uşaqlar üçün ciddi təhlükələr də mövcuddur. İnternet mühitində sərhədlərin olmaması azyaşlıların psixoloji, mənəvi və sosial inkişafına mənfi təsir göstərir. Məhz buna görə də bir çox ölkələrdə 15 yaşdan aşağı uşaqların sosial şəbəkələrdən istifadəsinə müəyyən məhdudiyyətlər tətbiq olunur. Bu addım uşaqları informasiya xaosundan, zərərli məzmunlardan və onlayn risklərdən qorumağa yönəlmiş mühüm sosial zərurət kimi qiymətləndirilir.
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən “İnnovativ Media” jurnalistlərin peşəkarlığının artırılmasına dəstək İctimi Birliyinin sədri, Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova bir çox ölkədə 15 yaşdan aşağı uşaqların sosial şəbəkələrdən istifadəsinə qoyulan məhdudiyyət, uşaq psixologiyasının və təhlükəsizliyinin qorunması istiqamətində atılan mühüm addım olduğunu qeyd edib:
"Burada məqsəd təkcə uşaqların sosial şəbəkələrdən asılılığını azaltmaq deyil, həm də onların onlayn zorakılığın, sosial müqayisənin, onlayn dələduzluğun qurbanı olmalarının qarşısını almaq, fikir dağınıqlığını aradan qaldırmaqdır. Bu hal Azərbaycan cəmiyyəti üçün də keçərli olmalıdır. Ölkəmizdə belə bir məhdudiyyətin tətbiqi üçün həm qanunvericilik bazasında dəyişiklik edilməli, həm də texnoloji nəzarət mexanizmləri formalaşdırılmalıdır. “Uşaqların müdafiəsi haqqında” və “İnformasiya, informasiyalaşdırma və informasiyanın qorunması haqqında” qanunlara əlavələr edilməli, sosial media platformalarında hesab açmaq üçün valideyn razılığı mexanizmi qurulmalıdır. Bu yolla biz uşaqları sosial mediada hər addımbaşı rastlaşdıqları neqativ hadisələrdən qismən uzaqlaşdıra, ən əsası isə emosional təsirə düşməkdən yayındıra bilərik. Sosial şəbəkələrdə yaş məhdudiyyəti azyaşlıların istismar hallarının azaldılması üçün də vacibdir”.
Müsahibimiz, həmçinin uşaqlar əllərindəki smartfonlardan uzaqlaşaraq, diqqətlərini dərsə yönəldər, son zamanlar, demək olar ki, yoxa çıxan canlı ünsiyyəti yenidən dirçəldəcəyini bildirib: "Bu, bəzilərinin də qeyd etdiyi kimi, rəqəmsal dünyanı inkar etmək deyil, rəqəmsal mühitdən daha şüurlu istifadəni stimullaşdırar".
Elmir Heydərli
20:42 09.10.2025
Oxunuş sayı: 1649