Fransa böhranı: Ölkə çökmə mərhələsindədir

Fransanın Baş naziri Sebastyan Lekornyu Prezident Emmanuel Makrona istefa ərizəsini təqdim edib. “Le Figaro”nun məlumatına görə, dövlət başçısı artıq istefanı təsdiqləyib.
Bu, Fransada son illərdə hökumət səviyyəsində baş verən növbəti dəyişiklikdir. Artıq demək olar ki, hər 4–5 aydan bir ölkədə yeni hökumət formalaşır və baş nazirlər dəyişir. Tez-tez baş verən bu istefalar Fransa hökumətində xaos və idarəetmədə qeyri-sabitlik yaradır. Bu da öz növbəsində Fransanın dövlət sistemində dərin böhranın göstəricisidir.
Siyasi proseslə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, Fransada hökumətlərin və nazirlərin tez-tez dəyişməsinin bir neçə əsas səbəbi var: "Fransada hazırda böhran yaşanır. Bu, əsasən iqtisadi motivlidir. Iqtisadi böhran istər-istəməz siyasi müstəviyə də keçir. Buna görə də ölkədə hökumətlər tez-tez istefa verməli olurlar. Ümumilikdə, Fransa hazırda çökmə mərhələsindədir. Bu vəziyyətin əsas səbəbi isə Fransanın Afrikadakı mövqelərini itirməsidir. Fransa uzun illər müstəmləkəçi dövlət kimi Afrikadakı müstəmləkələrinin təbii sərvətlərindən istifadə edir, həmin sərvətləri öz ölkəsinə gətirərək iqtisadiyyatını bu qaynaqlar hesabına güclü saxlayırdı. Lakin son illərdə Afrika ölkələri artıq müqavimət göstərir, Fransanın təsir dairəsindən çıxır və onu öz ərazilərindən uzaqlaşdırırlar. Nəticədə Fransa bu təbii sərvətlərdən yararlanmaq imkanını itirib".
"Bu da ölkə iqtisadiyyatının əsas dayaqlarını sarsıdıb və Fransanı tədricən çökmə mərhələsinə gətirib çıxarıb. İqtisadi böhranın ardınca sosial və siyasi gərginliklər, üsyan xarakterli narazılıqlar da artır. Bütün bunların fonunda Prezident Emmanuel Makronun nüfuzu ciddi şəkildə zəifləyib və böyük ehtimalla, növbəti seçkilərə qədər istefaya məcbur edilə bilər", - Politoloq əlavə edib.
Gülbəniz Bayramova
12:23 07.10.2025
Oxunuş sayı: 1749