İtaliya Azərbaycanın Avropa İttifaqında ən mühüm tərəfdaşlarından biridir - Deputat

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlər arasında tərəfdaşlıq əlaqələrinin inkişafı siyasi sabitlik, iqtisadi yüksəliş və mədəni inteqrasiyanın əsas amillərindən biri kimi çıxış edir. Qlobal miqyasda baş verən proseslər göstərir ki, qarşılıqlı etimad və faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan tərəfdaşlıqlar uzunmüddətli və dayanıqlı münasibətlərin formalaşmasında mühüm rol oynayır.
Azərbaycan Respublikası da xarici siyasətində bu prinsipləri rəhbər tutaraq, müxtəlif regionlarda, xüsusilə Avropa məkanında etibarlı və strateji tərəfdaş kimi mövqeyini möhkəmləndirmişdir. Avropa İttifaqı ölkələri arasında İtaliya Respublikası bu baxımdan xüsusi yer tutur. Azərbaycan–İtaliya münasibətləri uzun illər ərzində səmərəli əməkdaşlıq təcrübəsinə əsaslanaraq, bu gün artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.
Enerji təhlükəsizliyi, iqtisadi və sənaye əməkdaşlığı, mədəni və humanitar əlaqələr kimi çoxşaxəli istiqamətləri əhatə edən bu münasibətlər, qarşılıqlı hörmət və ortaq maraqlar üzərində qurulmuşdur. İtaliya, Azərbaycanın Avropa İttifaqında ən mühüm tərəfdaşlarından biri olmaqla yanaşı, regional və beynəlxalq səviyyədə də ölkəmizin etibarlı müttəfiqidir.
Bu baxımdan, Azərbaycan–İtaliya münasibətlərinin müasir mərhələdə inkişaf dinamikası, hər iki ölkənin dövlət başçılarının uzaqgörən siyasətinin və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın bariz göstəricisidir.
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Soltan Məmmədov tstrateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlmiş Azərbaycan – İtaliya münasibətlərinin qarşılıqlı etimad, faydalılıq və hörmət prinsipləri əsasında uğurla inkişaf etməkdə olduğunu qeyd edib: "İtaliya, Azərbaycanın Avropa İttifaqında ən mühüm tərəfdaşlarından biri olmaqla yanaşı, enerji, iqtisadiyyat, sənaye, mədəniyyət və təhsil sahələrində də etibarlı müttəfiqidir.
Azərbaycan və İtaliya Prezidentlərinin qarşılıqlı səfərləri iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşməsinə yeni impuls verib. Bu xüsusda sentyabrın 30-da İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycana səfəri də xeyli əhəmiyyətli oldu və ölkələrimiz arasındakı münasibətlərin inkişafına öz töhfəsini verdi. Ümumiyyətlə Azərbaycanla İtaliya arasında iki strateji tərəfdaşlıq haqqında sənəd mövcuddur ki, bu da ölkə başçılarının uğurlu siyasətinin nəticəsidir.
Cənub Qaz Dəhlizi layihəsinin uğurla icrası iki ölkə arasında enerji əməkdaşlığını daha da gücləndirmiş, Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə vermişdir. Bununla yanaşı, qeyri-neft sektorunda, xüsusilə kənd təsərrüfatı, turizm və yüksək texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur".
Deputat həmçinin İtaliyada Azərbaycan mədəniyyət günlərinin təşkili, qarşılıqlı sərgilər və təhsil proqramları, Bakıda İtaliya‑Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılmasının xalqlarımız arasında dostluq körpüsünü daha da möhkəmləndirdiyini bildirib.
“Əminliklə demək olar ki, qarşılıqlı maraqlara əsaslanan bu münasibətlər gələcəkdə daha da möhkəmlənəcək, regionda sülhün, sabitliyin və rifahın təmin edilməsinə mühüm töhfə verəcəkdir" - deyə o əlavə edib.
Elmir Heydərli
22:43 05.10.2025
Oxunuş sayı: 6606