Bir-birindən asılı olan iki nəhəng: Kim kimin "əlini yerə vuracaq?"

Son zamanlar Rusiya ilə ABŞ arasında münasibətlər müxtəlif gərginliklərdən sonra normallaşma istiqamətində addımlar atılır. Rusiya Prezidenti Vladimir Putin ABŞ ilə əlaqələrin bərpasını milli prioritet hesab edir və bu mövzu beynəlxalq ictimaiyyətin diqqətindədir.
Bəs Putinin ABŞ-la yaxınlaşma çağırışı Rusiya daxilində ictimai-siyasi mühitdə hansı reaksiyaları doğura bilər?
Bu barədə Crossmedia.az-a adanışan hərbi-siyası ekspert Həşim Səhrablı bildirib ki, ABŞ və Rusiya arasındakı münasibətlər heç vaxt tam müttəfiq və ya düşmən ola bilməz.
Onun sözlərinə görə, Vaşinqton və Moskva elə bir münasibətlər sistemi içindədir ki, bu iki tərəfin tam düşmən olması mümkün deyil: "Yəni, bir-biri ilə müharibə vəziyyətinə gəlmələri real görünmür. Eyni zamanda, heç vaxt müttəfiq strateji tərəfdaş da ola bilməzlər. Burada coğrafi amillər, geosiyasi maraqlar və əsas olaraq dünyanın hegamonluğunu kim idarə edəcək məsələsi önəmlidir. Hər iki tərəf bir-birini qlobal maraqlara təhlükə kimi qiymətləndirir. Bu səbəbdən münasibətlər həmişə müəyyən səviyyədə gərgin qalır. Onlar üçüncü tərəflər üzərindən,bir-birilərinə təsir edir".
Müsahibimiz söyləyib ki, ABŞ və Rusiya həm iqtisadi, həm də strateji baxımdan bir-birinə müəyyən dərəcədə asılıdır: "ABŞ dolların və qlobal iqtisadi sistemin üstünlüyünə malikdirsə, Rusiya zəngin təbii resursları ilə qarşı tərəfi təsir edə bilir. Bu amillər onları açıq düşmənlikdən çəkindirir.
Putinin son çıxışlarında ABŞ-la münasibətlərin normallaşdırılmasına toxunması və Donald Trampın hakimiyyətindən sonra ikili dialoqların bərpası cəhdləri göstərir ki, münasibətlər tamamilə kəsilə bilməz. Amma əslində, heç vaxt tam normallaşmaq da mümkün deyil, çünki hər tərəfin milli maraqları bir-birinə ziddir. İndiki mərhələdə ABŞ və Rusiya münasibətləri həm düşmən, həm də müttəfiq səviyyəsində deyil. Sadəcə, maraqlar onları ehtiyatlı davranmağa məcbur edir.Zaman ötdükcə artıq tərəflərdən biri, ya üstünlük əldə edəcək, ya da biri digərinin üstünlüyünü qəbul etməkdən başqa şansı olmayacaq. Zaman göstərəcək ki, o hansı tərəf olacaq, kim qalib gələcək".
Fidan Quliyeva
16:55 04.10.2025
Oxunuş sayı: 2219