Azərbaycan Yunanıstan üçün etibarlı enerji tərəfdaşıdır – Ekspert

Müasir dövrdə enerji təhlükəsizliyi
Avropa dövlətlərinin prioritet istiqamətlərindən biridir. Bu baxımdan Azərbaycan
ilə Yunanıstan arasında enerji əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır.
Yunanıstanın Baş naziri Kiriakos Misotakisin son açıqlamasında Azərbaycanın qaz
təchizatında etibarlı tərəfdaş kimi qiymətləndirilməsi, həm ikitərəfli münasibətlərin,
həm də ümumilikdə Avropa İttifaqı ilə enerji əməkdaşlığının strateji mahiyyətini
ortaya qoyur. Azərbaycanın boru kəməri qazı vasitəsilə regionun enerji təhlükəsizliyinə
verdiyi töhfələr və əməkdaşlığın genişləndirilməsi perspektivləri bu mövzunu
aktuallaşdırır.
Mövzu ilə bağlı Crossmedia.az-a
danışan ReAl Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli bildirib ki, Avropanın
əksər ölkələri Azərbaycandan daha çox qaz almaqda maraqlıdır: “Avropanın demək
olar ki, bütün ölkələri Azərbaycandan əlavə qaz tədarükü istəyirlər. Yunanıstan
da istisna deyil. Çünki müharibədən, yəni Rusiyanın Ukraynaya təcavüzündən əvvəl
Yunanıstan Rusiya qazının əsas alıcılarından biri idi. Hazırda Rusiyadan idxal
kəskin azalıb və Yunanıstan Azərbaycanın təbii qazına üstünlük verməyə
başlayıb. Əslində bu, ümumi Avropa meyilidir. Əsasən Şərqi və Cənubi Avropa ölkələri
Azərbaycandan daha çox qaz almağa çalışırlar”.
İqtisadçının sözlərinə görə, buradakı
əsas problem Azərbaycanın hasilat imkanları ilə bağlıdır: “Azərbaycanın qaz
hasilatı bütün bu tələbləri qarşılamağa kifayət etmir. Ona görə də ölkə təkcə
hasilatı artırmaqla kifayətlənmir, həm də regional enerji xabına çevrilmək üzərində
işləyir. Maraqlı yeni layihələr gündəmdədir. Məsələn, Türkmənistan qazının Azərbaycan
üzərindən Avropaya ixracı, həmçinin TANAP və TAP layihəsinə İraq da daxil
olmaqla ətraf ölkələrdən qazın qoşulması və Azərbaycanın boru xətləri vasitəsilə
Avropaya çatdırılması nəzərdə tutulur. Bu layihələr təkcə Avropanın enerji təhlükəsizliyini
gücləndirməyəcək, həm də Azərbaycanın iqtisadi gəlirlərinə və beynəlxalq
nüfuzuna müsbət təsir göstərəcək”.
Mehriban Yariyeva
19:24 03.10.2025
Oxunuş sayı: 1088