Dünya bölünür: Qanlı və dağıdıcı savaş anonsu

Cənubi Koreya xarici işlər naziri Ço Hen bildirib ki, Cənubi Koreya və ABŞ davam edən tarif danışıqları ilə paralel olaraq təhlükəsizlik sahəsində təxmini razılaşmaya gəlib.
"Təhlükəsizlik sahəsində artıq ümumən razılaşma əldə edilib ki, bu da bizə zəruri sahələrdə milli müdafiə qabiliyyətlərimizi artırmağa imkan verir", - nazir bildirib.
O həmçinin qeyd edib ki, ABŞ tarif danışıqlarında Cənubi Koreyanın əsas tələbi olan valyuta mübadiləsi sazişini nəzərdən keçirir, lakin bu məsələdə elə də nikbin deyil.
Daha əvvəl Cənubi Koreyanın yüksək vəzifəli rəsmiləri iki ölkənin sənaye məqsədləri üçün nüvə yanacağının emalında Cənubi Koreyaya daha çox hüquqlar verilməsi istiqamətində irəliləyiş əldə etdiyini bildiriblər.
Mövzu ilə bağlı Beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli Crossmedia.az-a danışıb:
“Ötən ay keçirilən Şanxay görüşünün cavabı kimi baş tutan BMT Baş Məclisinin 80-ci sessiyası ABŞ-nin "əzələ nümayişi"ni göstərdi və ətrafına topladığı müttəfiqlərin kimliyi üzərindən yeni bir dönəmin başladığını ortaya qoydu. İndiyə qədər bir qədər stabil hesab olunan beynəlxalq düzən artıq yoxdur. Ona görə də qütblər arasında gedən savaş, müharibə bizə yeni dünya düzəninin müəyyənləşdirilməsi proseslərini göstərməlidir. Artıq dünya Şərq və Qərb olaraq bölünür. Bu savaşın, xüsusən Asiyada olan hissəsi çox dağıdıcı və qanlı olacaq. ABŞ vaxtilə inşa etdiyi Cənubi Koreyanın dağılmasına imkan verərmi? Qarşısında Çin və Şimali Koreya kimi iki böyük dövlət durur. Gələcəkdə gözlənilən ABŞ–Çin qarşıdurmasında Yaponiyaya və Cənubi Koreyaya Vaşinqtonun inanılmaz dərəcədə ehtiyacı olacaq. Bütün bunlara görə həmin proseslərə artıq start verilib".
Mehriban Yariyeva
12:17 03.10.2025
Oxunuş sayı: 1773