“Yaşıl ideyalar” intellektual yarışı keçirilib

Bakıda
keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi 2025 çərçivəsində Bakı Gənclər Mərkəzi
və “Ağıllı Cəmiyyət Ətraf Mühitin Qorunmasına Dəstək” İctimai Birliyi “Yaşıl
ideyalar” intellektual yarışını təşkil edib.
Crossmedia.az xəbər
verir ki, tədbirin əsas məqsədi gənclərin ekoloji biliklərini artırmaq,
yaradıcı ideyaların mübadiləsinə şərait yaratmaq və ətraf mühitin qorunmasına
yönəlmiş təşəbbüsləri dəstəkləməkdir.
Yarışda iştirak edən gənclər iqlim dəyişiklikləri,
davamlı inkişaf və ekoloji problemlərin həlli yolları barədə biliklərini
nümayiş etdiriblər.
Beş komanda tərəfindən ekoloji dəstəyə dair ideyalar
münsiflər heyətinə təqdim olunub. Münsiflər heyəti layihələri qiymətləndirərək
iştirakçılara sertifikatlarla təqdim ediblər.
“Ağıllı Cəmiyyət Ətraf Mühitin Qorunmasına Dəstək”
İctimai Birliyinin İdarə Heyətinin sədri Səbinə Zülalova bildirib ki, bu yarış
yalnız intellektual mübarizə deyil, həm də ekoloji düşüncəni gücləndirən vacib
bir çağırışdır: “Biz inanırıq ki, gənclərin ideyaları gələcəyin yaşıl
dünyasının qurulmasında mühüm rol oynayacaq.”
Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayevanın
sözlərinə görə, bu gün gənclər yalnız gələcəyin deyil, həm də bu günün
liderləridir. Onların ekoloji şüurunu gücləndirmək, təşəbbüslərə cəlb etmək isə
əsas məqsəddir. O, bu yarışda səslənən ideyaların gənclərin yaşıl dünyaya
verdiyi dəyərli töhfələrin başlanğıcı olacağına inandığını qeyd edib.
Ətraf mühitin qorunması və bu istiqamətdə gələcək
nəsillərin üzərinə düşən məsuliyyət barədə danışan Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova
dünyada müşahidə olunan ekoloji problemlər – iqlim dəyişmələri, hava və su
hövzələrinin çirklənməsi, meşələrin azalması və torpaq ehtiyatlarının səmərəsiz
istifadəsinin yaratdığı fəsadlar haqqında məlumat verib. Xidmətin rəis müavini
bu kontekstdə hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşdüyünü
vurğulayaraq cəmiyyətimizin bütün üzvlərini təbiətin mühafizəsinə diqqətlə
yanaşmağa çağırıb. “Ətraf mühitin qorunması yalnız bu günün deyil, həm də
gələcək nəsillərin rifahı üçün vacibdir. Hər kəsin bu istiqamətdə atacağı addım
ümumi məqsədimizə – sağlam və dayanıqlı gələcəyin qurulmasına xidmət edəcək”, -
deyə o diqqətə çatdırıb.
22:48 01.10.2025
Oxunuş sayı: 751