“Schlumberger” şirkəti Qarabağda geotermik enerji imkanlarını araşdırır

“Schlumberger” (SLB) şirkəti Qarabağ bölgəsində geotermik enerji imkanlarını araşdırır. Bunu şirkətin idarəedici direktoru Codi Vud Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW2025) çərçivəsində “Azərbaycanın Günəş, Dənizdə Külək, Mavi və Yaşıl Hidrogen sahəsində potensialının araşdırılması” adlı paneldə çıxışında məlumat verib.
“Qarabağda çoxlu vulkanik fəaliyyət və isti bulaqlar mövcuddur. Su 100-150 dərəcə selsi ola bilər ki, bu da ənənəvi buxar enerjisi və evlərin, istehsal obyektlərinin birbaşa qızdırılması üçün geniş imkanlar yaradır. SLB dünya miqyasında karbontutma texnologiyasını tətbiq edir. Karbonun tutulması və saxlanması mühüm əhəmiyyət kəsb edir. Hazırda mövcud quyular və yeraltı proseslər haqqında məlumatlarımız əsasında bu texnologiyanı Azərbaycana gətirərək daha da inkişaf etdirə bilərik. Dünyada üç layihəmiz artıq uğurla həyata keçirilir”, - deyə Codi Vud qeyd edib.
C.Vud çıxışında geotermik enerji və karbon tutma texnologiyasının Azərbaycanın yaşıl enerji strategiyasına töhfə verəcəyini vurğulayıb. (Azərtac)
01:03 01.10.2025
Oxunuş sayı: 917