ABŞ-nin dünyadakı hegemonluğuna son qoyulur?- Sensasional açıqlama

Müasir beynəlxalq münasibətlərdə təhlükəsizlik məsələləri xüsusi əhəmiyyət
kəsb edir. NATO ilə Rusiya arasında artan gərginlik Avropa dövlətlərini yeni hərbi-siyasi
strategiyalar müəyyənləşdirməyə vadar edir. Almaniyanın xarici işlər naziri
Yohan Vadefulun son açıqlamaları da bunu təsdiqləyir. O, NATO-nun öz ərazisini
Rusiyanın mümkün işğalından müdafiə etməyə tam hazır olduğunu bildirərək, eyni
zamanda alyansın münaqişəni genişləndirmək niyyətində olmadığını vurğulayıb.
Vadefulun sözlərinə görə, Rusiya NATO ölkələrini tələyə salmağa cəhd edə
bilər, lakin alyans bu təhlükəyə cavab verəcək gücdədir. Bununla yanaşı,
Almaniya kansleri Fridrix Mertsin rəhbərlik etdiyi hökumət ölkənin silahlı qüvvələrini
Avropanın ən güclü ordusuna çevirmək məqsədilə hərbi xərcləri əhəmiyyətli dərəcədə
artırır. Bu proses NATO daxilində Almaniyanın rolunun güclənməsi və qlobal təhlükəsizlik
müstəvisində yeni mərhələnin başlanması kimi qiymətləndirilir.
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev
bildirib ki, Almaniyanın bu şəkildə silahlandırılması II Dünya müharibəsindən
sonra yaranan nadir hadisələrdən biridir:
“Bu da bir daha göstərir ki, II Dünya müharibəsindən sonra qurulmuş
siyasi sistem artıq dağılmağa doğru gedir. Çünki Avropa ölkələrində öz müdafiələri
ilə bağlı ciddi problemlər meydana çıxıb. Rusiyanın son təhdidləri və PUA
hücumları Avropada ciddi problemlər yaradıb. Məsələn, Avropanın sabit ölkələri
olan, hətta Danimarka belə bu təhdidləri özündə hiss edir və silahlanma ilə
bağlı Danimarka hökumətində də artıq müzakirələr aparılır. Bu, NATO-nun imicinə
çox mənfi təsir göstərən amildir”.
Politoloqun sözlərinə görə, Almaniya da yaxşı anlayır ki, əgər Rusiya Şərqi
Avropa ölkələrini təhdid altında saxlayırsa, növbəti hədəf Almaniya ola bilər:
“Ümumiyyətlə, Almaniyada II Dünya müharibəsindən sonra müdafiə ilə bağlı
hər zaman ciddi narazılıqlar özünü büruzə verib. NATO üzvü olması və ABŞ-ın
Avropaya dəstəyi məsələni bir qədər yumşaltsa da, hazırda Vaşinqtonun Avropanın
təhlükəsizliyi ilə bağlı ciddi narazılıqları açıq görünür. ABŞ artıq əvvəlki qədər
Avropaya maliyyə vəsaiti ayırmaq istəmir. II Dünya müharibəsindən sonra
Avropanın təhlükəsizliyini üzərinə götürən ABŞ indi bu siyasətdən yayınıb və məsələlərə
o qədər də müdaxilə etmək istəmir”.
Z.Əmrəliyev hesab edir ki, Almaniyanın kütləvi şəkildə silahlanması
Avropada yeni müdafiə siyasətinin formalaşmasına gətirib çıxaracaq:
“Əgər Avropa ölkələri bu şəkildə silahlanarsa, artıq ABŞ-a əvvəlki qədər
ehtiyac qalmayacaq. Bu isə ABŞ-ın dünya gücünə, yəni ən böyük qlobal güc
olmasına mənfi təsir göstərəcək. Çünki ABŞ-ı dünya gücü edən əsas faktor elə
Avropa idi. Avropa yoxdursa, ABŞ-ın da
hegemonluğu sona çatacaq”.
Mehriban Yariyeva
18:16 27.09.2025
Oxunuş sayı: 1706