“Konstitusiya və Suverenlik İli” çərçivəsində Bakı Dövlət Universitetinin tələbələri üçün növbəti master-klas keçirilib

“Konstitusiya və Suverenlik İli” çərçivəsində 25 sentyabr
2025-ci il tarixində Medianın İnkişafı Agentliyi, Məhkəmə Hüquq Şurası və Bakı
Dövlət Universitetinin birgə təşkilatçılığı ilə jurnalistika fakültəsinin
tələbələri üçün “Azərbaycan Respublikasının Konstitusiyası insan haqlarının
qorunmasının etibarlı təminatçısıdır” mövzusunda master-klas təşkil olunub.
Crossmedia.az xəbər verir ki, tədbirdə çıxış edən Medianın İnkişafı Agentliyinin Hüquq
şöbəsinin müdiri Adil Tağıyev qeyd edib ki, “Konstitusiya və Suverenlik İli”
çərçivəsində Agentlik tərəfindən gənclər arasında maarifləndirici təşəbbüslərə
xüsusi önəm verilir. O bildirib ki, tələbələr üçün keçirilən seminarlar,
təlimlər və müxtəlif layihələr Konstitusiyanın mahiyyəti, insan hüquqlarının
qorunması prinsipləri və konstitusion dəyərlərin ictimaiyyətə çatdırılması
istiqamətində vacib rol oynayır.
Daha sonra Agentliyin Müşahidə
Şurasının üzvü, BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev çıxış
edərək bildirib ki, Konstitusiya yalnız hüquqi sənəd deyil, eyni zamanda
dövlətçilik ideologiyasının, milli dəyərlərin və demokratik cəmiyyət quruculuğunun
əsasını təşkil edir. O qeyd edib ki, “Konstitusiya və Suverenlik İli”
çərçivəsində belə master-klasların təşkili gənclərin hüquqi biliklərinin
artırılmasına, konstitusion dəyərlərin daha dərindən mənimsənilməsinə və
onların vətəndaşlıq məsuliyyətinin gücləndirilməsinə mühüm töhfə verir.
Daha sonra mühazirə ilə çıxış
edən Bakı Apellyasiya Məhkəməsinin hakimi Xəyalə Cəmilova isə öz çıxışında
Konstitusiyanın qəbul edilməsinin müasir Azərbaycan dövlətçiliyinin hüquqi
təməlinin formalaşmasında həlledici rol oynadığını diqqətə çatdırıb. O bildirib
ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması isə sözügedən
dəyərlərin gənc nəsil arasında təbliği və hüquqi maarifləndirmənin
gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Sonda tələbələrin iştirakı ilə interaktiv müzakirə aparılıb, insan hüquqlarının qorunması və jurnalist fəaliyyətində hüquqi yanaşmalarla bağlı müxtəlif suallara cavab verilib.
18:24 25.09.2025
Oxunuş sayı: 2225