Rusiyalı generallar Putini aldadır- Sensasiya

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya ölkəyə hücum üçün Sumı, Novopavlovsk, Pokrovsk və Zaporojye istiqamətlərini seçib. Sumı əməliyyatı uğursuz olub və Rusiya böyük itkilər verərək qüvvələrini digər istiqamətlərə yönəldib.
Sumıda Rusiyanın geri çəkilməsi Ukrayna müdafiəsinin effektivliyini göstərir. Lakin digər istiqamətlərdə gərginlik davam edir və vəziyyət hələ də qeyri-sabit qalır. Bu, hər iki tərəf üçün uzunmüddətli strateji planlamanın vacibliyini göstərir.
Mövzu ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov Crossmedia.az saytına açıqlama verib.
Ekspert, Sumı istiqamətində böyük zərbə alan Rusiyanın hücumlarını dayandırmadığını bildirib:
“Ukrayna prezidentinin açıqlaması Rusiyanın hələ də güzəştə getmək niyyətində olmadığını göstərir. Yəni onlar böyük itkilər vermələrinə baxmayaraq, hələ də əsgər və zabitlərini qırğına verirlər və bu mənasız müharibədə itkilərin sayı günü-gündən artır. Sumı istiqamətində çox böyük sarsıdıcı zərbə aldılar. Bütün bunlara baxmayaraq, yenə də hər istiqamətlərdə hücumlarını davam etdirməyə çalışırlar. Qarşıdakı həftələr çox çətin olacaq, çünki hava şəraiti də bu proseslərin həyata keçirilməsinə mane olacaq. Yəni yağışlı, palçıqlı hava texnikanın, logistikanın istifadəsi çətinləşəcək. Ona görə də Rusiyanın bu ildə hansısa böyük bir uğur və ya nəticə qazanması qeyri-mümkündür. Ümumiyyətlə, Rusiya gündə bir kənd, bir qəsəbə "azad edə bilir". Bəzən isə eyni ərazini üç dəfə göstərirlər ki, guya nəzarət altına alınıb. Bu da onu deməyə əsas verir ki, Rusiya generalları, başda Baş qərargah rəisi Valeriy Gerasimov olmaqla, Rusiya rəhbərliyini, konkret prezident Vladimir Putini aldatmaqla məşğuldurlar.
Bu, birinci dəfə deyil. Yəni biz bu dördüncü ilə yaxınlaşan müddətdə dəfələrlə konkret faktlarda, konkret misallarda bunu görmüşük. İtkin düşənlər də var. Həyatını itirən milyonlarla şəxs var. Ona Rusiyanın digər istiqamətlərdən hücum planlarından geri çəkiləcəyini düşünmürəm, amma itkilərin sayı yenə də artmaqda davam edəcək. Və bu heç kimə sirr deyil ki, Rusiyanın silahlı qüvvələrinin keyfiyyəti deyil, kəmiyyəti ilə Ukraynanı üstələməyə çalışması real görünmür".
O bildirib ki, Rusiyanın hansısa bir nəticə əldə etməsi hələ də müşahidə olunmur: "Rusiya anlamalıdır ki, nə qədər itkiləri çox olursa-olsun, əgər qarşı tərəf özünə konkret bir hədəf qoyub gedirsə, bu hədəfinə çatacaq. Bu isə hər zaman Rusiya rəhbərliyinin xalqa qarşı soyqırım həyata keçirməsidir. Müharibənin dördüncü ilidir, amma Rusiya hər hansı bir strateji uğur əldə etmir. Və əgər bu strateji uğur əldə olunsaydı, onlar bunu gecə-gündüz təbliğ edərdilər. Sumı istiqamətində də, Zaporojye ərazisində də dron zərbələri və s. deməyə əsas verir ki, Rusiya həm informasiya müharibəsində, həm də cəbhədə bir görüntü yaratmaq istəyir ki, onun hansısa uğuru var. Rusiyanın hər hansı bir uğuru yoxdur. O işğal etdiyi kəndlər də, qəsəbələr də zaman-zaman geri ukraynalıların nəzarətinə keçir, amma Ukrayna ordusu da kifayət qədər dirəniş göstərir. Ukrayna öz ərazilərini də azad edə biləcəyini sübut edir. Və bu Ukrayna xalqının haqqıdır. Bu işdə mən şəxsən Ukrayna xalqına uğurlar arzulayıram. Çünki öz zamanında rus-erməni işğalını özləri də yaşamışdılar. Ona görə də Ukrayna xalqının bu mübarizəsində mən yalnız Ukrayna xalqına uğurlar arzulaya bilərəm. Bundan sonra da öz istədiyinə nail ola bilsinlər”.
Nicat Rüstəmzadə
23:00 18.09.2025
Oxunuş sayı: 917