DİQQƏT:Vəkillərə bu məsələlər qadağan olunacaq - Qanuna dəyişiklik edilir

Milli Məclisdə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişikliklər müzakirə olunub. Layihəyə görə, vəkilliyə qəbul proseduru sadələşdirilir, bəzi hallarda isə dəqiqləşdirilir. Əvvəl vəkil və ya hakim olmuş şəxslər yazılı test vermədən, müsahibə və icbari təlim əsasında qəbul ediləcəklər. Hüquq elmləri doktorları, hüquq sahəsində fəxri ad almış şəxslər və yüksək məhkəmə instansiyalarının sabiq rəhbərləri isə imtahan və təlimsiz vəkilliyə buraxılacaqlar. Dövlət qulluğundan vəkilliyə qayıdan şəxslər üçün müddətdən asılı olaraq fərqli qaydalar tətbiq ediləcək. Həmçinin “vəkil” adının qanunsuz istifadəsinə qarşı daha sərt məhdudiyyətlər müəyyənləşdirilir. Bunun isə özlüyündə müsbət tərəfləri əlbəttə ki mövcuddur.
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev mövcud qanunla yeni layihə arasında əsas fərqlərin staj məsələləri, həmçinin əvvəllər vəkil kimi fəaliyyət göstərmiş şəxslərin yenidən vəkilliyə qayıtma prosedurları ilə bağlı olduğunu qeyd edib:
"Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişikliklərin edilməsi məsələsi müzakirəyə çıxarılıb. Təklif olunan dəyişikliklər qəbul edilərsə, vəkil kimi fəaliyyət göstərmək istəyən şəxslər üçün prosedur qaydalar müəyyən qədər sadələşdirilmiş olacaq.
Mövcud qanunla yeni layihə arasında əsas fərqlər staj məsələləri, həmçinin əvvəllər vəkil kimi fəaliyyət göstərmiş şəxslərin yenidən vəkilliyə qayıtma prosedurları ilə bağlıdır. Belə ki, hazırkı qanuna əsasən, əvvəllər vəkil və ya hakim olmuş şəxslər yalnız şifahi müsahibədən keçməklə vəkil ola bilirdilər və məcburi təlimə cəlb olunmurdular. Yeni layihəyə görə isə bu şəxslər yazılı test vermədən, lakin müsahibədən keçərək və icbari təlimdə iştirak etməklə qəbul olunacaqlar. Əlavə şərt ondan ibarətdir ki, bu imkandan yalnız bir dəfə istifadə edilə bilər. Üstünlüyü isə ondan ibarətdir ki, sistem daha şəffaf olur, əvvəlki təcrübəsi olanların biliklərinin yenilənməsi təmin edilir və bir dəfəlik imtiyaz limiti sui-istifadə hallarının qarşısını alır.
Mövcud qanuna görə hüquq elmləri doktoru, Konstitusiya Məhkəməsi hakimi, apellyasiya və kassasiya məhkəmələrinin sədrləri imtahansız və təlimsiz vəkilliyə qəbul olunurdular. Yeni layihəyə görə isə siyahıya hüquq sahəsində fəxri ad verilmiş şəxslər də əlavə olunub və onlar da bu imtiyazdan yararlana biləcəklər. Bu yanaşma elmi və peşəkar nailiyyətlərin tanınması baxımından daha geniş imkanlar yaradır.
Hazırkı qanuna əsasən, vəkil dövlət qulluğuna keçdikdə fəaliyyəti dayandırılır, yalnız vəzifədən azad olunduqdan sonra bərpa edilə bilər. Yeni layihədə isə daha detallı mexanizm nəzərdə tutulub. Belə ki, dövlət qulluğunda 2 ildən çox işləyən şəxslər vəkilliyə qayıtmaq üçün yenidən icbari təlim keçməlidirlər. Dövlət qulluğunda 2 ildən az müddət işləyənlər və ya hüquqşünaslıq üzrə vəzifədə olan dövlət qulluqçuları isə sadəcə müraciət etməklə vəkilliyə bərpa oluna bilərlər. Bu yanaşmanın üstünlüyü ondan ibarətdir ki, praktikadan uzun müddət uzaq qalmış şəxslərin biliklərinin yenilənməsi təmin edilir, qısa müddətli dövlət qulluğu fəaliyyəti isə vəkilin karyerasının davamlılığına mane olmur".
Hüquqşünas həmçinin bu qanunla artıq vəkil ifadəsinin daha düzgün istifadəsini həmçinin Vəkillər Kollegiyasının üzvü olmayan şəxsin öz adında və ya təşkilatın adında “vəkil” sözündən (və ya onun tərcüməsindən) istifadə edə bilməyəcyini qeyd edib.
"Mövcud qanunda “qanunsuz istifadə” ilə bağlı ümumi qeyd mövcud idi. Yeni layihəyə əsasən isə dəqiqləşdirilib ki, Vəkillər Kollegiyasının üzvü olmayan şəxs öz adında və ya təşkilatın adında “vəkil” sözündən (və ya onun tərcüməsindən) istifadə edə bilməz. Bu dəyişiklik saxta “vəkil xidmətlərinin” qarşısını daha effektiv şəkildə alır və vətəndaşların aldadılma riskini minimuma endirir"- deyə o əlavə edib" - deyə hüquqşünas qeyd edib.
Elmir Heydərli
10:23 17.09.2025
Oxunuş sayı: 1186