Kordioloq: Bu, ömrü 10-15 il artırır - MÜSAHİBƏ

Ürək xəstəlikləri günümüzün ən ciddi sağlamlıq problemlərindən biridir. Hər il milyonlarla insan bu xəstəliklərin təsirinə məruz qalır və onların səbəbləri ilə mübarizə aparmaq həkimlər və mütəxəssislər üçün böyük əhəmiyyət daşıyır. Bu müsahibədə ürək xəstəliklərinin səbəbləri, qarşısının alınması yolları və müasir tibbdə tətbiq olunan müalicə üsulları haqqında ətraflı məlumat əldə edəcəyik.
Mövzunun aktuallığını nəzərə alaraq həmçinin ürək-damar xəstəliklərindən qorunmağın əsas qaydalarını bilmək məqsədilə tanınmış kardioloq Zöhrab Sultanov ilə həmsöhbət olduq.
O, Crossmedia.az-a müsahibəsində ürək-damar sistemində yaranan problemlərin ilkin əlamətlərini, ondan qorunmağın yollarını həmçinin bu xəstəliyin nədən qaynaqlandığını ətraflı izah edib.
-Son zamanlar dünyada və Azərbaycanda ürək xəstəlikləri artıb. Sizcə, bunun əsas səbəbləri nədir?
-Bəli, doğrudur. Ürək xəstəlikləri son zamanlar bütün dünyada və Azərbaycanda ölüm səbəbləri arasında birinci yerdədir. Bunun əsas səbəbləri həyat tərzinin dəyişməsi ilə bağlıdır: oturaq həyata üstünlük verilməsi, qeyri-sağlam qidalanma, stress və irsi amillər. İnsanların həyat ritmi dəyişib, hərəkətsiz həyat, "fast food" və işləmə stresləri ürək-damar xəstəliklərinin artmasına səbəb olur.
-Oturaq həyata üstünlük vermək ürək-damar xəstəliklərinə necə təsir edir?
-Oturaq həyat, yəni fiziki aktivliyin azalması, ürək və damar sisteminin zəifləməsinə gətirib çıxarır. Qan damarlarının divarlarında xolesterin və digər maddələrin yığılmasına səbəb olur, nəticədə damarlar tutulur. Həkimlər tövsiyə edir ki, 40 dəqiqə otuqduqdan sonra mütləq hərəkət etmək lazımdır. Ürək əzələsi aktiv qalmalıdır; əks halda qan dövranı pozulur və toxumalar kifayət qədər oksigen ala bilmir.
-Şəkərli diabetin ürək xəstəliklərinə təsiri necədir?
-Ürək xəstələrinin şəkərli diabeti varsa, xəstəlik daha da ağırlaşır. Damarların daralması sürətlənir, aritmiyalar və digər ürək xəstəlikləri inkişaf edir, nəticədə ürək çatışmazlığı ortaya çıxır. Şəkərli diabet ürəyin işini çətinləşdirir və əlavə fəsadlara səbəb olur.
-Stressin ürək xəstəliklərinə təsiri nə qədərdir?
-Stress də böyük rol oynayır. Gərginlik zamanı qanda adrenalin artır, damarlar daralır və ürəyin yükü yüksəlir. Bu, uzun müddətdə ürək və periferik damarların funksiyasının zəifləməsinə gətirib çıxarır.
-Ürək xəstəliklərinin ilkin əlamətləri hansılardır?
-Ən vacib simptom döş qəfəsində ağrıdır. Ağrı sol qola, kürək altına və çənəyə yayıla bilər. Digər əlamətlərə nəfəs darlığı və yorğunluq daxildir. Ritm pozğunluqları da əhəmiyyətlidir: ürək döyüntüsünün hiss olunması, dayanması və sonra yenidən işə başlaması, bayılma halları ciddi fəsadlardan xəbər verir.
-İnsanlar çox zaman ürəyin göynəməsini və ya qıvrılmasını hiss edirlər. Bu nə deməkdir?
-Ürək ağrısı adətən damarların daralması ilə bağlıdır. Fiziki hərəkət zamanı yaranan ağrı “stereokardiya” adlanır. Oturarkən və ya istirahətdə yaranan ağrı isə daha təhlükəlidir və gizli proses ola bilər. Bu, vaxtında müayinə olunmazsa, miyokard infarktına gətirib çıxara bilər.
-Müasir diaqnostik üsullar hansılardır?
-Qızıl standart invaziv koronarqrafiyadır (anjio). Bu, damarların tutulma dərəcəsini göstərir. Tutulma 70%-dən çoxdursa, stent qoyulması tövsiyə olunur. Hər kəs, hətta şikayəti olmasa belə, ildə bir dəfə yoxlanmalıdır.
-Hansı yaşdan etibarən yoxlama aparılmalıdır?
-Artıq 30-35 yaşdan sonra illik yoxlama tövsiyə olunur. Bu, qidalanma vərdişləri, oturaq həyat və digər risk faktorları ilə bağlıdır.
-İnsanlar deyir ki, az miqdarda spirtli içki damarlar üçün faydalıdır. Bu doğrudurmu?
-Bu, ümumi inancdır və elmi əsaslı deyil. Spirt və siqaret ürək üçün zərərlidir. Sağlam olmaq istəyən hər bir insan bu maddələrdən uzaq durmalıdır.
-Ürək xəstəliklərindən qorunmaq üçün nə tövsiyə edirsiniz?
-Sağlam qidalanmaq, meyvə-tərəvəzdən istifadə etmək, yağlı və şəkərli yeməklərdən uzaq durmaq, siqaret və spirtli içkilərdən qaçmaq, hər gün fiziki aktiv olmaq və kifayət qədər yuxu almaq vacibdir. Yemək normada, az və balanslı olmalıdır. Bu, ömrü 10-15 il artırır.
Elmir Heydərli
15:30 12.09.2025
Oxunuş sayı: 1487