MŞ sədrindən media nümayəndələrinə ÇAĞIRIŞ: “Həssas davranın”

“Tanınmış sənət adamları, nüfuzlu mədəniyyət və incəsənət xadimləri haqqında, xüsusilə də onların səhhəti ilə bağlı fürsət düşən kimi nə isə yazmaq, dəqiq olmayan məlumatları dərhal ictimailəşdirmək həm o insanların özlərinin, həm də onların doğmalarının, sevənlərinin psixologiyasına mənfi təsir göstərir. Təəssüf ki, son illər bu hallarla tez-tez rastlaşırıq”.
Crossmedia.az xəbər verir ki, bu sözləri Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin sədri Rəşad Məcid deyib.
“İndi də sevimli Xalq artistimiz, Azərbaycan kinosunun canlı klassiklərindən biri Rasim Balayevin guya xəstəxanaya yerləşdirilməsi barədə həqiqətdən uzaq xəbər yayıldığının şahidi olduq. Rasim müəllim ayağındakı problemə görə fizioterapiya kursuna gedir və şükürlər olsun ki, vəziyyəti yaxşıdır, əndişələnməyə heç bir əsas yoxdur.
Media təmsilçilərindən, sosial şəbəkə istifadəçilərindən bir daha xahiş edirik ki, ictimai rəydə nüfuz sahibi olan insanlarla bağlı bu tipli məlumatlar yayarkən maksimum dərəcədə həssas davranmağa çalışsınlar. Əgər belə xəbərlər qəsdən, qərəzli niyyətlə yayılırsa bunun bəraəti yoxdur. İnsan olaq!”
16:58 08.09.2025
Oxunuş sayı: 1361